...

Fransız bəstəkarın "Xocalı 613" adlı yeni əsərinin Britaniya premyerası olub (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2013 20:44 (UTC +04:00)
Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Londonda Smit Meydanında yerləşən Müqəddəs Con kilsəsində Xocalını anım konserti keçirilmişdir.
Fransız bəstəkarın "Xocalı 613" adlı yeni əsərinin Britaniya premyerası olub (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Londonda Smit Meydanında yerləşən Müqəddəs Con kilsəsində Xocalını anım konserti keçirilmişdir. Tədbirdə 500 nəfərdən artıq qonaq, o cümlədən lordlar, Parlament üzvləri, diplomatlar və musiqisevərlər iştirak etdi. Konsertdə dirijor və bəstəkar Lorent Petitqrardın rəhbərliyi ilə Londonun Orion Orkestri çıxış edirdi.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, gecənin zirvəsi fransız bəstəkar Pier Tiloyun Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalı 613" adlı yeni əsərinin Britaniya premyerası olmuşdur. Bu əsər skripka, balaban, zərb musiqi alətləri və simli orkestr üçün yazılmışdır. Beynəlxalq səviyyədə tanınan virtuoz Şirzad Fətəliyevin ifa etdiyi Azərbaycan nəfəs aləti balabanın ecazkar səsi əsərin təsirini daha da artırırdı. Skripkada Nyu York Culiard Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçıyeva ifa edirdi.

Bu mötəşəm əsər "Laçın" və "Sarı gəlin" mahnıları da daxil olmaqla, Azərbaycan xalq musiqisinin melodiyalarını özündə əks etdirib, milli marş ritmləri və səslərin sintezi ilə zəngin imkanlarından bəhrələnib, Xocalı faciəsinin dəhşətlərini çox təsirli formada çatdırırdı.

Bəstəkar öz əsəri haqqında qeyd edir ki, "İndiyə kimi bu xalqa zərər verməkdə davam edən Dağlıq Qarabağ münaqişəsindən yaranan Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli bir hadisə kimi dərin iz buraxmışdır. Xalq arasında bayağı pafosdan uzaq, "xatirə" adlanan elə bir mexanizm var ki, o unutqanlığa qarşı bir dayaqdır və əbədi ləyaqət keşikçisi kimi fəaliyyət göstərir. "Xatirələr" hər zaman hər hansı siyasi və inqilabi məzmundan uzaq və digərlərinə mərhələləri, dəhşətli anları və dramları xatırlatmağı bacaran, insanların qəlbinin dərinliklərinə toxunan bəstəkarlar və rəssamlar üçün yaradıcılıq rəmzi olmuşdur."

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov demişdir: "Bu faciə düz 21 il bundan əvvəl bugün baş vermişdir. Həmin vaxt Azərbaycanla Ermənistan arasında münaqişə gedirdi. 1994-cü ildə atəşkəs elan edilməsinə baxmayaraq, biz hələ də müharibə vəziyyətində yaşayırıq. Xocalı faciəsi bizim millətimizin tarixində ən qara səhifələrdən biridir. Bu konsertin keçmiş kilsədə keçirilməsi çox yerinə düşüb. İstər kilsə, məscid və ya məbəd olsun, fərq etməz, əsas odur ki, bura Allahın evidir. Bəşər övladına həyatı Allah verir və bu həyatı onun əlindən yalnız Allah ala bilər. Bu 613 insanın həyatını əlindən alanlar hələ də mühakimə olunmayıb. Beynəlxalq hüquq dinc əhalini öldürməyi qadağan edir və bu bəşəriyyətə qarşı cinayət hesab olunur. Belə dəhşətli hallar bir daha təkrar olunmamalıdır."

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov qeyd etdi ki, "Böyük Britaniya bəşər tarixinin ən böyük müharibələri hesab olunan iki dünya müharibəsində iştirak edib və bu müharibələrdə Avropa milyonlarla insan itirib. Bugün gözümüzün qarşısında stabil Avropa vardır. O müharibələr Avropa xalqlarına böyük dərs olmuşdur. Cinayət törədən o insanlar ədalət məhkəməsinə cəlb olunmuşdur. Amma dinc əhaliyə qarşı planlı hücum olan Xocalı faciəsinin təqsirkarları hələ də cinayətlərinin cəzasını cəkməmişdir."

Bütün Partiyaların təmsil olunduğu Azərbaycan üzrə Parlament Qrupunun sədri, Parlament üzvü Kristofer Pinçer isə bildirmişdir ki, "Orada qətl olunanlardan hər biri kiminsə həyat yoldaşı, qızı və ya oğlu idi. Dağlıq Qarabağ müharibəsinin təsiri hələ də davam edir. Dahi ingilis filosofu Edmund Börk demişdir ki, "öz tarixini bilməyənlər eyni tarixi təkrarlamağa məhkumdur". Biz 1992-ci ilin 26 fevral dəhşətlərini heç vaxt təkrar etməməliyik. Bunu yadda saxlamaq Azərbaycanla böyük dostluq qurmaq istəyənlərin məsuliyyətidir və onlar bu qurbanların yadda qalması və baş verənlərin bir daha təkrarlanmamasını təmin etmələri üçün oz öhdələrinə düşəni etməlidirlər."

Konsert proqramına bəstəkar Fikrət Əmirovun (1922-1984) Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ilham alaraq bəstələdiyi "Nizami" simfoniyası da daxil idi. Bu "simfonik muğam" bəstəkarın qərb klassik üsulu ilə möhtəşəm və əzəmətli Azərbaycan muğamının sintezini nümayiş etdirirdi. Ümumən qəbul olunmuşdur ki, muğamın inkişafında hələ də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunun böyük rolu vardır. Davam etməkdə olan bu işğal bütün Azərbaycan boyu səpələnmiş bir milyondan çox məcburi köçkün və qaçqının məskunlaşdığı düşərgələr yaranmasına səbəb olmuşdur.

Bu duyğu dolu gecənin proqramında Kardinal Vofan Memorial Xorunda oxuyan Şola Kantorun da çıxışı var idi. O, İsa peyğəmbərə həsr olunmuş iki əsər - Perqolesinin "Stabat Mater" və Motsartın "Ave Verum Corpus" əsərlərini ifa etdi. Proqrama Eduard Elqarın elegiya formasında yazılmış Giriş parçası, polifonik çalarlı məzmunu və Uels milli mahnısından bir fraqmenti özündə əks etdirən çoxhissəli "Simli alətlər üçün Alleqro" simfonik poeması da daxil idi. Tamaşaçıların xahişi ilə simli alətlərdən ibarət orkestr Lorent Petitqrardın "Hər necə olsa da unuduruq" adlı film üçün bəstələdiyi düşündürücü musiqi parçasını da ifa etdi.

Bu gözəl musiqi və hafizələrdə dərin iz buraxan səhnə 21 il əvvəl baş vermiş dəhşətli hadisələrdən, Ermənistanın işğalı üzündən öz evlərinə və torpaqlarına qayıda bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edərək, tamaşaçılara unudulmaz təsir bağışladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti