...

Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Ankarada geniş tərkibli konfrans və xatirə tədbiri həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2013 04:51 (UTC +04:00)
Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində çərşənbə günü Ankarada Rəsm Heykəl Muzeyinin böyük teatr zalında Türkiyə Dövlət İşçiləri İnkişaf və Həmrəylik Fondu (TÜRKAV) ilə birgə geniş tərkibli konfrans və xatirə tədbiri həyata keçirilib.
Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Ankarada geniş tərkibli konfrans və xatirə tədbiri həyata keçirilib (FOTO)

Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində çərşənbə günü Ankarada Rəsm Heykəl Muzeyinin böyük teatr zalında Türkiyə Dövlət İşçiləri İnkişaf və Həmrəylik Fondu (TÜRKAV) ilə birgə geniş tərkibli konfrans və xatirə tədbiri həyata keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə, səfirliyin əməkdaşları, MHP-nin Sədr müavini millət vəkili Atilla Kaya başda olmaqla çox sayda Türkiyəli millət vəkili, AMEA-nın Tarix İnstitutunun Müdiri millət vəkili Prof. Yaqub Mahmudov, AMEA-dan Cəbi Bəhramov, Xocalıya Ədalət Beynəlxalq İmza Kampaniyasının Türkiyə Təmsilçisi Gözde Kılıç, Ankarada təhsil alan tələbələrimiz, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri iştirak etmişlər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamış, ilk olaraq MHP-nin Sədri Devlet Baxçalının mesajı oxunmuşdur. Mesajda, Xocalı Soyqırımının ağrı və acısının bölüşüldüyü qeyd olunmuş, qatil Sarkisyan sərt bir şəkildə tənqid olunaraq, "hamımız erməniyik" deyənlər və qatillərin əlini sıxanların da Xocalıda qətlə yetirilən məsum insanların qatili hesab edilə biləcəkləri fikri dilə gətirilmişdir. Ardından şəhidlərimizin əziz ruhlarına Quranı Kərim oxunmuş və dualar edilmişdir.

Sonra Xocalı sakinlərinin müsahibələrindən ibarət bir sənədli film nümayiş etdirilmişdir.

Daha sonra çıxış üçün söz sırası ilə, TÜRKAV-ın Ankara nümayəndəsi Afşin Hatipoğlu, TÜRKAV-ın Baş Katibi Sinan Yüksel, Səfirliyimizin Konsulu Şöhrət Mustafayev, MHP-nin Sədr müavini millət vəkili Atilla Kaya, AMEA-nın Tarix İnstitutunun Müdiri millət vəkili Prof. Yaqub Mahmudov, AMEA-dan Cəbi Bəhramov, Xocalıya Ədalət Beynəlxalq İmza Kampaniyasının Türkiyə Təmsilçisi Gözde Kılıç və Qazi Universitetinin Professoru Cəmaləddin Taşkırana verilmişdir. Çıxışlar auditoriyada emosional və millətçi ruhun hakim olmasına səbəb olmuş, ermənilərin vəhşi və hüquqtanımaz mövqeyinə qarşı yekdilliyin təzahürünü hiss ettirmişdir.

MHP-nin Sədr müavini millət vəkili Atilla Kaya öz çıxışında yenidən Ermənistanın prezidenti seçilən Serj Sarkisyanı TR Prezidenti Abdullah Gülün "tələsik" təbrikini sərt bir şəkildə tənqid etmiş, Sarkisyan rejimini "terrorçu bir dəstə" adlandırmışdır.
Çıxışların ardından İctimai televiziya və TRT tərəfindən Xocalı Soyqırımı ilə bağlı hazırlanmış müfəssəl sənədli film nümayiş etdirilmişdir.

Sonra, Qarabağ və Azərbaycan mövzularında, vətənpərvərlik ruhunda müxtəlif şerlər səsləndirilmiş və bununla tədbir başa çatmışdır.
Tədbir çərçivəsində Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi də iştirakçılara nümayiş etdirilmiş, onlara Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunmuşdur.
Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 27 fevral tarixində həmçinin Ankarada yerləşən Polis Akademiyasında da xatirə tədbiri həyata keçirilmişdir.

Tədbirdə Səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, millət vəkili Musa Qasımlı, Polis Akademiyasının Təhlükəsizlik Elmləri Fakultəsinin Dekanı Murat Kurt, Azərbaycanın Milli Qəhrəmanı İsmayıl Tunç, Polis Akademiyasında təhsil alan azərbaycanlı tələbələrimiz, həmin təhsil ocağında təhsil alan 16 ölkədən olan tələbələr və diaspor nümayəndələrimiz iştirak etmişlər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamış və ilk olaraq Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilmişdir.

Polis Akademiyasında təhsil alan azərbaycanlı tələbələrimiz adından bir nümayəndənin çıxışının ardından sırası ilə söz millət vəkili Musa Qasımlı, Milli Qəhrəmanımız İsmayıl Tunç və Səfir Faiq Bağırova verilmişdir. Natiqlər öz çıxışlarında Xocalı Soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs etmişlər, bir daha bu kimi cinayətlərin törədilməməsi üçün atılması zəruri olan addımlarla bağlı əsaslı tezislər irəli sürmüşlər.

Tədbir çərçivəsində Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi də iştirakçılara nümayiş etdirilmiş, onlara Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti