...

Kimyaçılar 31 mart soyqırımını Sumqayıt və Şamaxıda geniş xatirə tədbirləri ilə qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2013 18:13 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin kollektivi 1918-20-ci illərdə erməni daşnaklarının millətçilik, antitürk siyasətinin qurbanlarının xatirələrini Birliyin müəssisə və idarələrində, daha sonra isə əhalisinin böyük bir hissəsinin amansız işgəncələrə, qırğınlara məruz qaldığı Şamaxıda keçirdikləri silsilə tədbirlərlə yad edib.
Kimyaçılar 31 mart soyqırımını Sumqayıt və Şamaxıda geniş xatirə tədbirləri ilə qeyd ediblər (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

"Azərikimya" İstehsalat Birliyinin kollektivi 1918-20-ci illərdə erməni daşnaklarının millətçilik, antitürk siyasətinin qurbanlarının xatirələrini Birliyin müəssisə və idarələrində, daha sonra isə əhalisinin böyük bir hissəsinin amansız işgəncələrə, qırğınlara məruz qaldığı Şamaxıda keçirdikləri silsilə tədbirlərlə yad edib.

İB-dən Trend-ə verilən məlumata görə, əvvəlcə xatirə tədbirləri Birliyin "Üzvi sintez" və Mexaniki-təmir zavodlarında, "Kimyalayihə" İnstitutunda, Təmir-tikinti, Nəqliyyat və Xüsusi tex­nika idarələrində, həmçinin Anbar təsərrüfatında keçirilib. Anım mərasimlərində soy­qırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra erməni daşnaklarının yüz illərlə davam edən antitürk siyasətinin xalqımız üçün son dərəcə faciəli olan ağır nəticələri barədə danışılıb, arxivlərdə uzun illər gizli saxlanılan soyqırım faktları nəzərə çatdırılıb. Bildirilib ki, 1918-ci ilin mart ayında Bakı, Şa­maxı, Salyan, Quba, Lənkəran, Göy­çay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur və Naxçıvan mahallarında erməni van­dal­ları görünməmiş vəhşiliklər törətmiş, bir-neçə gün davam edən qırğın və dağıntılar zamanı minlərlə Azərbaycan kəndi yerlə-yeksan edilmiş, 100 minlərlə həmvətənimizin həyatına son qoyulmuşdur.

Tədbirlərdə diqqətə çatdırılıb ki, azərbaycanlıların öz doğma yurd-yuvala­rından qovul­duğu, repressiyalara məruz qaldığı həmin günlər dünya tarixi­nin ən qanlı səhifə­lərin­dən­dir və bütünlükdə həmin soyqırım erməni daşnaklarının təxminən 200 ildən artıq davam etdirdiyi, düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli anti­-Azərbaycan si­ya­­sətinin kütləvi deportasiya və qırğınlarla müşayiət olunan davamıdır. Ermənilərin xal­qı­mıza qarşı törətdikləri vəhşiliklər tarixi şəkillər və sənədli kinosüjetlərlə nümayiş etdiril­ib.

Ötən şənbə günü - martın 30-da isə kimyaçıların, həmçinin Sumqayıt ziyalı­larının - elm, təhsil, mədəniyyət və səhiyyə işçilərinin, şəhər ağsaqqallarının və YAP şəhər təşkilatı gənclərinin böyük bir qrupu Şamaxıya səfər edib. Sumqayıtlılar Türkiyə generalı Nuru Paşanın rəhbərlik etdiyi, 95 il əvvəl Azərbaycana qardaş köməyinə gəl­miş xilaskar ordunun tərkibində erməni silahlı dəstələrinə qarşı mərdliklə vuruşaraq, ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş türk zabit və əsgərlərinin Acıdərə əra­zisindəki məzarı önünə əklil qoyub, xatirələrini ehtiramla yad ediblər. Sonra abidə-kompleksin önündə tanınmış sumqayıtlı şair-dramaturq, əslən Zəngəzur elindən olan, Qarabağ mövzusunda əsərləri tamaşaya qoyul­muş Əvəz Mahmud erməni vəhşiliklərindən və türk qardaşlarımızın böyük xilas­karlıq missiyasından söhbət açıb.

Sumqayıtlılar daha sonra Şamaxıdakı Heydər Əliyev Mərkəzində olub, orada erməni vəhşiliklərini əks etdirən sənədli-xroniki filmə baxıb, Şamaxı qırğınlarının dəhşətli və geniş miqyaslı olduğu barədə faktlarla tanış olublar. Yüzlərlə yerli adamların - uşaqların və qocaların, qadınların sığındığı, lakin daşnaklar tərəfindən diri-diri yandırıldıqları Cümə məscidini ziyarət edən sumqayıtlılara Şamaxı rayon İcra Hakimiyyətinin nümayən­dələri və muzey işçiləri tərəfindən erməni vandallarının Şamaxıda və onun ətraf ərazilə­rində yerləşən 60-a yaxın kənddə minlərlə adama divan tutduqları, onları amansızlıqla qətlə yetirdikləri, kəndləri-obaları xarabazarlığa çevirdikləri haqqında geniş məlumat verilib.

Sumqayıtlılarla birlikdə Şamaxı səfərində iştirak edən və yerli sakinlərlə təəssüratını bölüşən "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin depu­tatı Muxtar Babayev xüsusi olaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin və Azər­baycan Prezidenti İlham Əliyevin son 20 ildə apardıqları uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılaraq, onların siyasi riya­karlıqları, saxtakarlıqları, özgə torpaqlarına göz dikərək əsrlərdən bəri həyata keçir­dikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə daha geniş şəkildə tanıdılıb və nikbinliklə bildirib ki, haqq-ədalətin, Azərbaycanın zəfər çalacağı gün uzaqda deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti