...

Azərbaycan ilə Krım MR arasında sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2013 18:18 (UTC +04:00)
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkəmizdə səfərdə olan Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Krım MR arasında sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkəmizdə səfərdə olan Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Fizuli Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən əsaslı sosial-iqtisadi islahatlar, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsi, icra olunan mühüm sosial proqramlar, çoxşaxəli sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Sosial tərəfdaşlar, beynəlxalq qurumlar və müxtəlif ölkələrin müvafiq nazirlikləri ilə əməkdaşlıq müstəvisində görülən işləri və əldə olunan nailiyyətləri qeyd edən nazir Fizuli Ələkbərov Azərbaycanla Ukrayna arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, eyni zamanda, iki ölkənin əmək və sosial müdafiə məsələlərinə cavabdeh nazirlikləri arasında əməkdaşlığın daim gücləndiyini vurğulayıb. Həmçinin, Krım Muxtar Respublikası ilə əməkdaşlıqda müsbət təcrübənin əldə olunduğu bildirilərək, xüsusən əlilliyi olan şəxslərə bərpa-müalicə xidmətlərinin təşkili, effektli reabilitasiya modellərinin tətbiqi sahəsində Krımla səmərəli təcrübə mübadilələrinin aparıldığı diqqətə çatdırılıb.

Səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirən Aleksandr Liyev ölkəmizdə müşahidə olunan inkişaf dinamikasının ölkəsi tərəfindən maraqla izlənildiyini qeyd edərək, Azərbaycanla əməkdaşlığın inkişafında, o cümlədən tibbi-sosial reabilitasiya proqramları üzrə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə hər iki nazirlik arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının strateji tərəfdaşı olan Ukrayna ilə ölkəmiz arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əlaqələr son illər ərzində xeyli genişlənib. Ukrayna ilə bir sıra hökumətlərarası və nazirliklərarası sazişlərə uyğun olaraq, əmək bazarının inkişafı, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, modul peşə təlimi proqramlarının tətbiqi, yeni məşğulluq texnologiyalarının yaradılması, ünvanlı dövlət sosial yardımı mexanizminin tətbiqi və təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sisteminin səmərəliliyin artırılması və digər sahələrdə bu ölkə ilə əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, müvafiq razılaşmaya əsasən, hər il ölkəmizdən bir qrup əlilliyi olan vətəndaşın Ukraynanın Krım vilayətinin Saki şəhərində yerləşən N.Burdenko adına Onurğa beyni zədələnmiş xəstələr üçün ixtisaslaşmış sanatoriyada 4 həftəlik bərpa-müalicəsi təşkil olunur. Təkcə son 5 ildə həmin sanatoriyada Azərbaycandan olan 360 nəfər əlilliyi olan şəxsin bərpa-müalicəsinin təşkili təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti