...

Elmar Qasımov akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird heyəti ilə görüşüb

Cəmiyyət Materials 4 Aprel 2013 14:52 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin rektoru akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird heyəti ilə görüşüb.
Elmar Qasımov akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir M.Əliyev/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, prorektor Ramiz Hümbətov, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayeva və akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuş Bakı Ali Neft Məktəbinin 10 tələbəsi Akademik Z.Əliyeva adına liseyin müəllim və şagird heyəti ilə görüş keçiriblər.

Tədbiri giriş sözü ilə açan akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva liseyin kollektivi adından qonaqları salamlayaraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqlarından məmnunluq hissi keçirdiklərini qeyd edib. O bildirib ki, təhsil sahəsi, yüksəkixtisaslı kadrların yetişdirilməsi məsələsi bu gün ölkəmizdə prioritet məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin bu sahələrə yüksək önəm verməsi nəticəsində bu gün ölkədə istər təhsil sahəsi, istərsə də kadr hazırlığı sahəsi durmadan inkişaf etməkdədir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 noyabr 2011 - ci il tarixli Fərmanı ilə yaradılmış Bakı Ali Neft Məktəbi bu inkişafın bariz nümunələrindəndir. Lisey haqqında qonaqlara məlumat verən Vəliyeva bildirib ki, liseyin 2012-ci ilin buraxılış ilində 600 baldan yüksək bal toplayan 10 məzunu bu gün Bakı Ali Neft Məktəbinin tələbəsidir. O qeyd edib ki, liseyin builki məzunları arasında da Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq istəyənlər çoxdur.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov liseyin müəllim və şagird heyətini salamlayıb və bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu təhsil islahatlarından danışan Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi məhz ölkə başçısının "Neft kapitalını insan kapitalına çevirək" devizinin əyani sübutudur. O bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd gündən-günə inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır. Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulduğunu qeyd edən rektor Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot -Vatt Universitetinin tələblərinə uyğun həyata keçirildiyini və bunun nəticəsi olaraq BANM məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini bildirmişdir. O bildirib ki, bir il bundan öncə iki ixtisas üzrə ("Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi") tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaqdır. O, tədrisin müasir standartlara uyğun şəkildə təşkil edilməsi və həyata keçirilməsi məqsədi ilə BANM və Böyük Britaniyanın Heriot-Vatt Universiteti, digər xarici universitetlər və neft- qaz və kimya sahəsi üzrə dünyanın tanınmış bir çox şirkətləri arasında yaradılmış əməkdaşlıqdan və birgə fəaliyyətdən bəhs etmişdir. Qasımov qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbi eyni zamanda "İslam Dünyası Unversitetləri Federasiya"nın üzvüdür. O, Bakı Ali Neft Məktəbinin qısa zaman ərzində əldə etdiyi uğurlardan danışaraq bildirmişdir ki, TQDK-nın 2012/2013-cü tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlində Bakı Ali Neft Məktəbi I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında liderdir. O qeyd etmişdir ki, I qrup ixtisasları üzrə qəbul imtahanlarında 600-dən çox bal toplayan 234 nəfərin 120-si məhz Bakı Ali Neft Məktəbinə daxil olmuşdur. Bakı Ali Neft Məktəbi qəbul olunan abituriyentlərin göstəricilərinə görə 600 ballıq həddi keçmiş yeganə təhsil ocağıdır ki, daxil olan tələbələrin orta balı 631 olmuşdur. O qeyd etmişdir ki, Ali Məktəblərə qəbul olmuş və Prezident təqaüdünə layiq görülmüş 102-i nəfərdən 11- i Bakı Ali Neft Məktəbinin tələbələridir.

BANM rektoru Qasımov akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq əlaqələrinin genişləndirdiyinə görə "Təşəkkür" plaketi və liseyin 7 müəlliminə Bakı Ali Neft Məktəbinə qəbul olunmuş yüksək səviyyəli şagirdlər yetişdirdiklərinə görə "təşəkkür " plaketi və kompyuter hədiyyə vermişdir. Şagirdlərə Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumatları özündə əks etdirən xüsusi hazırlanmış bukletlər paylanılmışdır.

Tədbirin sonunda E.Qasımov liseyin şagirdlərinin Bakı Ali Neft Məktəbi haqqında çox saylı suallarını cavablandırmış və şagirdlərə tədrislərində uğurlar diləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti