...

"FINCA Azerbaijan" yaşıllaşdırma aksiyasında iştirak edib

Cəmiyyət Materials 4 Aprel 2013 16:26 (UTC +04:00)
Müxtəlif istiqamətli korporativ sosial məsuliyyət layihələrinin uğurla həyata keçirilməsinə diqqət yetirən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı yaşıllaşdırma və ətraf mühitin qorunması üzrə növbəti layihəyə imza atıb.
"FINCA Azerbaijan" yaşıllaşdırma aksiyasında iştirak edib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Müxtəlif istiqamətli korporativ sosial məsuliyyət layihələrinin uğurla həyata keçirilməsinə diqqət yetirən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı yaşıllaşdırma və ətraf mühitin qorunması üzrə növbəti layihəyə imza atıb. Bu barədə Trend-ə cümə axşamı təşkilatdan daxil olan məlumatda bildirilir.

Layihə çərçivəsində "FINCA Azerbaijan" Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq edərək Tərtər rayonunda yaşayan və tingçiliklə məşğul olan mina qurbanlarının yetişdirdikləri və hazırda əkin üçün tam yararlı olan bəzək ağaclarını alaraq, Bərdə rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdıqları ərazidə əkilməsini həyata keçirib. Yaşıllaşdırma aksiyası 4 aprel - Mina Təhlükəsinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilib.

"FINCA Azerbaijan"ın nümayəndələri Bərdə rayonunda məskunlaşmış məcburi köçkünlərin yaşadığı əraziyə səfər edərək qəsəbənin sakinləri, yerli İcra Hakimiyyəti orqanının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri ilə birlikdə ağacəkmə aksiyasında fəal iştirak ediblər. Yaşıllaşdırma üçün ayrılan sahədə 900 ədədə yaxın şam ağacı əkilib.

Qeyd edək ki, analojı yaşıllaşdırma aksiyası keçən il Füzuli rayonu ərazisində yerləşən məcburi köçkünlərin yaşadığı Zobcuq yaşayış kompleksində həyata keçirilib.

15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 635 milyona yaxın ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 137 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 153 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikromaliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti