...

2012-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən 1371 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb

Cəmiyyət Materials 5 Aprel 2013 12:56 (UTC +04:00)
2012-ci ildə qanunsuz dövriyyədən ümumi çəkisi 1371 kq-dan artıq müxtəlif növ narkotik vasitə götürülüb. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib.
2012-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən 1371 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

2012-ci ildə qanunsuz dövriyyədən ümumi çəkisi 1371 kq-dan artıq müxtəlif növ narkotik vasitə götürülüb. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib.

Həsənov bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid 2590 fakt aşkar edilib.

Komissiya sədrinin sözlərinə görə, aşkar edilən cinayət faktlarından 780-i satış, 1660-ı saxlama, 136-sı əkin, 14-ü isə digər faktlar olub. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 49,2 faizini həşiş, 27,4 faizini marixuana, 11,9 faizini tiryək, 7,8 faizini heroin təşkil edib.

Həsənov bildirib ki, Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, ölkədə 27910 nəfər narkoman rəsmi qeydiyyatdadır. Onlardan 21999 nəfəri dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olanlar, 567 nəfəri anonim müalicə alanlardır.

İclasda çıxış edən komissiyanın işçi qrupunun rəhbəri Məzahir Əliyev bildirib ki, 2012-ci il ərzində narkotiklərlə bağlı cinayət əməllərinə görə 2181 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

"Onlardan 74 nəfəri xarici ölkə vətəndaşıdır. Bunlardan 44-ü İran İslam Respublikası, 13-ü Gürcüstan, 9-u Rusiya, 7-si Əfqanıstan, 1-i isə Slovakiya vətəndaşıdır. Əcnəbilərdən ümumilikdə 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb", - Əliyev deyib.

Həmçinin iclas zamanı qeyd olunub ki, narkotiklərlə bağlı 465 məhkəmə hökmü üzrə 1452 kq-dan artıq müxtəlif növ narkotik vasitə yandırma üsulu ilə məhv edilib.

2012-ci ildə götürülən narkotik vasitələrin ümumi dəyəri 23 milyon 143 min ABŞ dolları təşkil edir. Ümumilikdə, son 5 ildə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin "qara bazar"da ümumi dəyəri 183 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2007-2012-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 17095 fakt aşkar edilib və qanunsuz dövriyyədən ümumi çəkisi 11 tona yaxın olan müxtəlif növ narkotik vasitə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti