...

Bakıda dünən müşahidə edilən temperatur iqlim normasından 8,2 dərəcə yüksək olub

Cəmiyyət Materials 10 Aprel 2013 13:18 (UTC +04:00)
Aprelin 9-da Bakı və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 8,2 dərəcə yüksək olub.
Bakıda dünən müşahidə edilən temperatur iqlim normasından 8,2 dərəcə yüksək olub

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 9-da Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 8,2 dərəcə yüksək olub. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında dünən havanın temperaturu 19-24 dərəcə olub. Bu ərazidə küləkli hava şəraiti əsasən dünən axşam, gecə və bu gün səhər saatlarında müşahidə edilib. Artıq bu gün axşama doğru küləyin mülayimləşəcəyi gözlənilir.

Aprelin 10-dan 11-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq, yağıntılar səhər tədricən kəsiləcək. Gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Aprelin 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Verdiyev bildirib ki, əvvəlki günlərlə müqayisədə aprelin 9-da axşamdan başlayaraq havanın temperaturu enib. Ancaq aprelin 11-12-də gündüz saatlarında gözləniləcək temperatur iqlim normasından yenə də yüksək olacaq.

Aprelin 11-12-də Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti