...

Baş nazirin müavini Qərb bölgəsində köçkünlər üçün yaşayış komplekslərinin inşası ilə bağlı yeni tapşırıqlar verib

Cəmiyyət Materials 11 Aprel 2013 16:55 (UTC +04:00)
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Gəncə və Mingəçevir şəhərlərinə səfər edib.
Baş nazirin müavini Qərb bölgəsində köçkünlər üçün yaşayış komplekslərinin inşası ilə bağlı yeni tapşırıqlar verib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Gəncə və Mingəçevir şəhərlərinə səfər edib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, səfər çərçivəsində komitə sədri Gəncədə məskunlaşan məcburi köçkünlər üçün inşa edilməkdə olan şəhərciyə baxış keçirib, burada aparılan tikinti işləri ilə yaxından tanış olub.

Ərazisi 25 hektar olan şəhərcikdə məcburi köçkünlər üçün 5 mərtəbəli 25 bina tikilir, eləcə də bütün zəruri infrastruktur hazırlanır.

Baş nazirin müavini inşaatda çalışanlara işləri yüksək keyfiyyətdə və vaxtında bitirmək barədə tapşırıqlar verib.

Qeyd edək ki, məcburi köçkün şəhərciyinin sentyabr ayına qədər istifadəyə veriləcəyi gözlənilir.

Əli Həsənov Mingəçevir şəhərində də olub. Komitə sədri şəhərdə məcburi köçkünlər üçün yeni tikilən yaşayış kompleksi ilə yaxından tanış olub və ardınca konfrans keçirib. Həsənov tikinti işlərini yerinə yetirən podratçı təşkilatların rəhbərləri, eləcə də məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından maraqlanıb. Baş nazirin müavini məcburi köçkünləri narahat edən problemlərin həll olunması istiqamətində müvafiq tapşırıq və göstərişlər verib.

Qeyd edək ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanıb. 10 ədəd 9 mərtəbəli yaşayış binasının daxil olduğu kompleksdə 480 şagird yerlik tam orta məktəb, 50 yerlik uşaq bağçası, klub və digər zəruri infrastruktur yaradılıb.

Ümumilikdə 502 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin yaxın vaxtlarda məcburi köçkünlərin istifadəsinə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti