...

Bakıda tələbələr üçün Dövlət Neft Şirkətinin xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçiriləcək

Cəmiyyət Materials 12 Aprel 2013 12:19 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirəcək.
Bakıda tələbələr üçün Dövlət Neft Şirkətinin xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirəcək. Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, aprelin 14-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanı keçiriləcək. İmtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında və Bakı Qızlar Universitetində olacaq.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. Qeydiyyat ARDNŞ tərəfindən aparılıb. İmtahanda iştirak üçün 2128 nəfər qeydiyyatdan keçib.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə bir saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala bir bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticələrinə əsasən, yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti