...

Ağır yol qəzaları əsasən hansı yaş qrupundan olan sürücülərin günahından baş verir?

Cəmiyyət Materials 12 Aprel 2013 15:45 (UTC +04:00)
Məlumatların təhlili göstərir ki, baş verən yol qəzalarının çoxu gənc və təcrübəsiz yox, uzun illər, ən azı on il sürücülük təcrübəsi olan orta yaşlı insanlar tərəfindən törədilir.
Ağır yol qəzaları əsasən hansı yaş qrupundan olan sürücülərin günahından baş verir?

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Məlumatların təhlili göstərir ki, baş verən yol qəzalarının çoxu gənc və təcrübəsiz yox, uzun illər, ən azı on il sürücülük təcrübəsi olan orta yaşlı insanlar tərəfindən törədilir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, 2012-ci ildə respublikada 2892 yol qəzası qeydə alınıb.

Qeydə alınan qəzalarda 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 1 milyon 20 min sürücü qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib.

"Statistika göstərir ki, 2012-ci ildə bir illik sürücülük təcrübəsi olan cəmi 116 şəxs tərəfindən yol-nəqliyyat hadisəsi törədilib, amma 15-20 il sürücülük təcrübəsi olan şəxslər bundan qat-qat çox ağır qəzalar törədirlər", şöbə rəisi qeyd edib.

Dövlət Yol Polisi sözçüsünün fikrincə, bu, sürücülük təcrübəsi çox olan adamların özünü daha arxayın, peşəkar hiss etmələri və yola təcrübəsiz sürücü qədər diqqət yönəltməmələri, yəni özünə həddindən artıq arxayın olmalarından irəli gəlir.

"Əksər hallarda, insanın özünə bu arxayınlığı və yola diqqətsizliyi ağır hadisələrə gətirib çıxarır. Adam var ki, 30 ildir yük avtomobili idarə edir, amma buna baxmayaraq, yüklə getdiyi vaxt ya yol şəraitini, ya avtomobilin texniki imkanlarını nəzərə almır və sonda ağır qəza baş verir", Əliyev bildirib.

Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanunu 30 il bundan əvvəl oxuyan sürücü ilə sürücülük vəsiqəsini yeni alan sürücülər arasında müəyyən qədər fərq var. Yeni sürücülər bu qayda-qanunu daha yaxşı bilirlər və onlar çox nadir hallarda qəza törədirlər.

"Ola bilər ki, bəzi sürücülər avtomobili köhnə qaydalarla idarə etməyə öyrəşiblər. Yol hərəkəti ilə bağlı qanunvericilikdə, onların təşkilində müəyyən dəyişikliklər olur, həmin şəxslərin buna diqqət yetirməyib məlumatsız olmaları mümkündür. Bu da öz təsirini göstərə bilər. Ona görə də bununla bağlı hər dəfə əlavə maarifləndirmə işləri aparılır. Lakin əgər adam televiziya, radioyaya maraq göstərmirsə, qəzet oxumursa, internetdəki yenilikləri izləmirsə, onlara təsir etmək çox çətindir," - Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti