...

Azərbaycanın bəzi ərazilərində şaxta olacaq

Cəmiyyət Materials 16 Aprel 2013 11:28 (UTC +04:00)
Bu gündən başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, hava əsasən yağıntılı keçəcək, bəzi yerlərdə yağıntının intensiv olacağı və gecə şaxtalı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.
Azərbaycanın bəzi ərazilərində şaxta olacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, hava əsasən yağıntılı keçəcək, bəzi yerlərdə yağıntının intensiv olacağı və gecə şaxtalı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, belə hava şəraiti aprelin 19-dək davam edəcək. Bu müddətdə Azərbaycanın rayonlarında havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi enəcək, ölkənin bəzi yerlərinə sulu qar, yüksək dağlıq ərazilərə isə qar yağacaq.

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında gündüz 12-17 dərəcə isti gözlənilir.

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz 9-14, gecə 4-9 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-dan 18-dək Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağda havanın arabir yağıntılı olacağı ehtimal olunur. Gecə saatlarında yağışın bəzi yerlərdə sulu qara və qara keçəcəyi, yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılır.

Mərkəzi Aran rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın cənub rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə 4-9 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

Aprelin 17-də bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti