...

MDB müsəlmanları qərar qəbul ediblər

Cəmiyyət Materials 16 Aprel 2013 16:24 (UTC +04:00)
MDB müsəlmanları Məşvərət Şurasının II iclası çərçivəsində keçirilən "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar" mövzusunda beynəlxalq konfransın yekun sənədi qəbul olunub.
MDB müsəlmanları qərar qəbul ediblər

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

MDB müsəlmanları Məşvərət Şurasının II iclası çərçivəsində keçirilən "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar" mövzusunda beynəlxalq konfransın yekun sənədi qəbul olunub.

Trend-in məlumatına görə, sənəddə bildirilir ki, görüşün əsas məqsədi postsovet məkanı müsəlman icmaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, dini radikalizm əleyhinə mənəvi qarşıdurma işində müsəlman din xadimlərinin birgə əməkdaşlığı, multikulturalizm və tolerantlıq ənənələrinə sadiqliyın nümayişi olub.

"Bəzi postsovet məkanı ölkələri bir sıra daxildən və xaricdən yönləndirilən ekstremizm, radikalizm və destruktiv məzmunlu müxtəlif ideoloji təxribat təhlükələri ilə üz-üzə qalmışlar. Postsovet məkanının müsəlman din xadimləri dəfələrlə bəyan etmişlər ki, terror, istənilən forma və şəkildə - İslam nöqteyi-nəzərindən cinayətdir. Dini icmalar dövlət qurumları ilə yanaşı mənəvi dəyərlərin aşılanması, ekstremizm və terrorizm əleyhinə mübarizə aparmalıdırlar", - yekun sənəddə bildirilir.

Din xadimləri siyasi xadimlərin mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəklədiklərini, baş verən bütün konfliktlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulayıblar.

"Bizi həmçinin qloballaşmanın neqativ nəticələri, miqrasiya prosesləri, gənclərin tərbiyəsi, ailə institutunun qorunub saxlanılması, gender məsələləri ilə bağlı problemlər narahat edir. Buna görə də dinlərarası və konfessiyalararası dialoqun genişlənməsi ilə yanaşı, dövlətlərimizin siyasi rəhbərləri ilə səylərimizin birləşdirilməsini, sülh, əmin-amanlıq və ali mənəvi dəyərlərin bərqərar olması naminə dini potensialdan istifadəni əhəmiyyətli amil kimi dəyərləndiririk", - sənəddə deyilir.

Qeyd olunur ki, MDB müsəlmanları Məşvərət Şurası dövlətlər tərəfindən dinlərarası dialoqa verilən önəmi dəstəkləyir və öz fəaliyyətində dini mərkəzlərlə, həmçinin beynəlxalq cəmiyyətlərlə əlaqələrin genişlənməsinə səy göstərir.

Yekun sənəddə vurğulanır ki, konfrans iştirakçıları konfessiyalararası və mədəniyyətlərarası dialoqun inkişafını vacib sayır, bütün forma və təzahürləri ilə terrorizmi kəskin pisləyir, dini dözümsüzlük səbəbi ilə təcavüz və vandalizm faktlarını, dini inanc yerləri və rəmzlərinin, həmçinin dindarların dini hisslərinin təhqir olunmasını yolverilməz hesab edir, postsovet məkanında radikal dini təmayüllərin qarşısının alınması üçün xüsusi mexanizmlərin işlənib hazırlanmasını vacib hesab edir, bir sıra ölkələrdə müsəlmanlara qarşı dözümsüzlük və islamofobiya hallarının mütəmadi davam etməsindən narahatlıqlarını bildirir, Həcc, Ümrə və digər müsəlman ziyarətgahlarına ziyarətlərin təşkilində əməkdaşlığa hazır olduqlarını bəyan edir, İslamın informasiya məkanında geniş təbliğ olunması üçün ümumi təkliflər hazırlanmasını, miqrasiya problemləri və gənclərlə iş sahəsində, həmçinin dini təhsil və maarif sahəsində postsovet məkanı müsəlman icmalarının sıx əməkdaşlıq aparmasını, müvafiq ədəbiyyat və təqvimlərin müştərək nəşrini, informasiya, iş təcrübəsi, müəllim və tələbə mübadiləsini vacib sayır, bu tədbirləri həyata keçirmək, eləcə də MDB və digər ölkə müsəlmanları ilə əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, dinlərarası əməkdaşlığı, ictimai təşkilatlarla münasibətləri tənzimləmək, Birliyin müxtəlif ölkələrində, həmçinin xarici dövlətlərdə Məşvərət Şurasının kofransları arasındakı müddətdə görüşlər, elmi simpoziumlar təşkil etmək üçün Məşvərət Şurasının nəzdində işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edir, tədbirlərin reallaşması üçün MDB müsəlmanları Məşvərət Şurasının Fondunun yaradılmasını təklif edir, bütün dünyanın dini liderlərini bəşəriyyətin rifahı naminə sülhə, əmin-amanlığa və əməkdaşlığa dəstək olmağa dəvət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti