...

Azərbaycanda insan alveri hesab olunacaq əməllərin dairəsi genişlənib, cəzaları sərtləşdirilib

Cəmiyyət Materials 19 Aprel 2013 13:57 (UTC +04:00)
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin cümə günü keçirilən iclasında "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna və Cinayət Məcəlləsinə dəyişiklik təsdiq olunub.
Azərbaycanda insan alveri hesab olunacaq əməllərin dairəsi genişlənib, cəzaları sərtləşdirilib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda insan alveri hesab olunacaq əməllərin dairəsi genişlənib, cəzaları sərtləşdirilib. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin cümə günü keçirilən iclasında "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna və Cinayət Məcəlləsinə dəyişiklik təsdiq olunub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə görə, yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq və bu istismara yol verənləri isə 12 ilədək həbs gözləyə bilər.

Dəyişiklikdə qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bütün hallarda insan alveri hesab edilir.

Cinayət Məcəlləsinə edilən əlavədə isə bununla bağlı 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Dəyişikliyə görə, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində biotibbi tədqiqatların aparılması da insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək.

Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Həmçinin parlamentin təsdiq etdiyi dəyişikliyə görə, insan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir. Eyni zamanda, insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

İnsan alveri məqsədi ilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qələmə alınaraq 1 ildən 4 ilədək həbs cəzası ilə təsbit olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti