...

Hikmət Babaoğlu: Azərbaycanda jurnalistlərin peşə təhlükəsizliyinin və nüfuzunun artması üçün dövlət əlindən gələni edir (MÜSAHİBƏ)

Cəmiyyət Materials 22 Aprel 2013 09:57 (UTC +04:00)
Öncə onu deyim kim, bir mətbu orqanın 20 il fasiləsiz fəaliyyət göstərməsi, müstəqil Azərbaycan tarixinin səlnaməçisi olması, ictimai-siyasi prosesləri səhifəsində işıqlandırması özlüyündə qəzet üçün böyük uğur və nailiyyətdir.
Hikmət Babaoğlu: Azərbaycanda jurnalistlərin peşə təhlükəsizliyinin və nüfuzunun artması üçün dövlət əlindən gələni edir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan "Yeni Azərbaycan" qəzetinin bu günlərdə 20 yaşı tamam olub. 1993-cü il aprelin 10-da ilk nömrəsi işıq üzü görən qəzet ötən müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək, ölkədəki ictimai-siyasi proseslərin ictimaiyyətə çatdırılmasında ön sıralarda dayanmağı bacarıb.

Trend-in müxbiri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə görüşüb və qəzetin 20 illik fəaliyyəti və ölkə mediasının mövcud durumu barədə suallara cavab alıb.


- Hikmət müəllim, "Yeni Azərbaycan" qəzeti 20 ildir ki, oxucularla görüşə gəlir, ictimai-siyasi proseslərə öz səhifələrində geniş yer ayırır. Ümumilikdə, bu 20 illik fəaliyyəti necə dəyərləndirərdiniz?

- Öncə onu deyim ki, bir mətbu orqanın 20 il fasiləsiz fəaliyyət göstərməsi, müstəqil Azərbaycan tarixinin səlnaməçisi olması, ictimai-siyasi prosesləri səhifələrində işıqlandırması özlüyündə qəzet üçün böyük uğur və nailiyyətdir. Məlum olduğu kimi, "Yeni Azərbaycan" müstəqil mətbuatın inkişafının formalaşdığı ilkin dövrlərdə meydana gəlib. O vaxtdan indiyə qədər milli mətbuatımızın digər nümunələri kimi xalqımızın ən yeni tarixini öz səhifələrində yazmaqla bərabər, eyni zamanda 20 illik siyasi proseslərdə bir KİV nümayəndəsi kimi öz sözünü layiqi ilə deməklə özünəməxsus auditoriya qazanıb. Qəzet ictimai şüurun və siyasi təfəkkürün formalaşmasında mürəkkəb ictimai-siyasi proseslərin düzgün və obyektiv şəkildə informasiya istehlakçısı olan cəmiyyətə çatdırılmasında özünəməxsus rol oynayıb. "Yeni Azərbaycan" daima Azərbaycanın klassik mətbuat ənənələrinə sadiq qalmaqla, dilimizin leksik fondunun ehtiyatlarından səmərəli istifadə etməklə, etik normaları gözləməklə bu prinsipləri fəaliyyətinin bir qismi hesab edib. Son dövrlərdə formalaşan mətbuat dilinin inkişaf etdirilməsində də qəzetimizin müstəsna rolu olub. Bununla bərabər, qəzet ölkəmizdəki ictimai-siyasi gündəliyi müəyyən etməyi bacaran bir orqan olduğunu sübut edib. Bunlar təəccüblü görünməməlidir. Çünki bu qəzet Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının rəsmi orqanıdır.

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olmaq hansı məsuliyyəti yaradır?

- Yeni Azərbaycan Partiyasının qəzeti olmaq, ümummilli liderin ideyalarının daşıyıcısı və təbliğatçısı olmaq bizim üçün hər zaman ciddi məsuliyyət olub. Buna görə də qəzetimiz hər hansı məsələ ilə bağlı münasibət bildirəndə, məhz bu məsuliyyəti də nəzərə alaraq obyektiv olmağa səy göstərib. Yazılarını bu məsuliyyət altında dərc edib. Bu səbəbdən YAP funksionerlərinin və hakimiyyət nümayəndələrinin fikirlərinin qəzetimizdə dərc olunması orqana xüsusi keyfiyyət qazandırıb. Azərbaycanın siyasi palitrasında mövcud olan ən müxtəlif siyasi qrupların, siyasi təşkilatların diqqət mərkəzində olub. Qəzet həm də ümumi kütləvi-siyasi orqan olmağı bacarıb. Sosial piramidada mövcud olan şaquli və üfüqi münasibətlərdə hər zaman iştirak edib və eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin, zümrələrinin tələbatını ödəyən bir qəzetə çevrilib. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, "Yeni Azərbaycan" ölkənin ən populyar qəzetidir. Sevinirəm ki, rəhbərlik etdiyim dövrdə qəzetimiz öz fəaliyyətini daha da inkişaf etdirib. Oxucu auditoriyasını genişləndirə bilib. Ən əsası odur ki, milli və dövlət maraqlarına xidmət etməyi bacarmışıq.

- Bəzən deyirlər ki, internet mediasının yaranması ənənəvi çap mediasının arxa plana keçməsi ilə nəticələnəcək. Bu fikirlərlə razısınızmı?

- Bu bir danılmaz faktdır ki, artıq informasiya-kommunikasiya texnologiyalarının inkişafının elə bir dövrünə qədəm qoymuşuq ki, çoxlu sayda alternativ media yaranıb. İnternet mediası ilə yanaşı, artıq sosial şəbəkələr də yeni internet mediası rolunda çıxış edirlər. Amma hesab edirəm ki, bu gün bütün media içərisində ən məsuliyyətlisi və ciddisi, hətta tərəddüdsüz deyirəm ki, ən aparıcısı elə çap mediasıdır. Çünki sosial mediada və digər internet resurslarında olan hər hansı bir mənbədən əldə olunan məlumat çap mediasında öz əksini tapmayana qədər ictimai rezonans doğurmur. Çap mediasında işıq üzü gördükdən sonra məsələ ətrafında geniş müzakirələr aparılmağa başlanır. Buna görə də çap mediasının hələ də aparıcı media olduğunu düşünürəm. Əlbəttə ki, inkişaf özü ilə yeni mexanizmlər, vasitələr gətirir. Təbii ki, media bundan kənarda qala bilməz. Hesab edirəm ki, bu alternativlərin çoxluğuna baxmayaraq, çap mediası yerini qoruyub saxlaya bilir. Əminəm ki, hələ uzun müddət çap mətbuatı həyatımızda yer alacaq.

- Siz internet mediasında çalışan jurnalistlərin də peşə-davranış qaydalarına riayət etmələrinin əsas tələb kimi qoyulmalı olduğunu hesab edirsinizmi?

- Bəli. Hesab edirəm ki, çap mətbuatına tətbiq olunduğu kimi, internet mediasında çalışan jurnalistlərin də peşə-davranış qaydalarına riayət etməsi əsas tələb kimi qoyulmalıdır. Ümumiyyətlə, jurnalistlər olduqca məsuliyyətli olmalıdırlar. Məsələn, bir çox anonim fəaliyyət göstərən saytlardakı məlumatların əksəriyyəti əxlaqi münasibətlərə ziddir, cəmiyyətin sosial həmrəyliyini təhdid edən xəbərlərdir. Etnik problemləri qabardan məlumatlardır. Belə informasiyalar çox zaman dövlət-vətəndaş, hakimiyyət-cəmiyyət münasibətlərini korlamaq vəzifəsi daşıyır. Lakin hər bir alternativ media nümayəndəsi, tutaq ki, "facebook"da iştirak edənlər və s. üzərinə düşən ciddi məsuliyyəti dərk etməlidir. Yəni, azadlıq eyni zamanda həm məhdudiyyət, həm də məsuliyyət deməkdir. Azadlığın müəyyən çərçivəsi olmalıdır, o anarxiyaya çevrilməməlidir. Məhz sosial şəbəkədəki azadlıq da zənnimcə, buna bənzər bir şeydir.

- Hikmət müəllim, bu gün jurnalistlər sosial status baxımından hansı yerdə qərarlaşıblar?

- Hesab edirəm ki, jurnalistlər sosial status baxımından cəmiyyətin sosial piramidasının orta pilləsində yer alırlar. Piramidanın başında deyillər. Bu, dünyanın hər yerində belədir. Amma intellektual status etibarı ilə bəlkə bir da az yuxarıda dayanırlar. Bu isə adekvat deyil. Yəni, intellektual baxımdan biz jurnalisti cəmiyyətin lokomativi hesab ediriksə, deməli, maddi təminat baxımından da ona yaxın bir yerdə olmalıdır. Ancaq burda mütənasiblik yoxdur. Ümumiyyətlə, bu peşə sahibləri zəngin sayılmırlar, təminatları az olur və peşələri dünyadakı ən təhlükəli peşələrdən hesab olunur. Bunu hamı yaxşı bilir. Amma məsələ burasındadır ki, bütün dünyada jurnalistlər bu həqiqəti qəbul ediblər. Azərbaycanda isə həm jurnalist olmağı, həm də maddi cəhətdən yüksək yerdə dayanmağı istəyirlər. Əlbəttə, bu çətindir. Əgər kimsə varlı olmaq istəyirsə, jurnalistikaya yox, başqa sahəyə getsin. Çünki uzunmüddətli mətbuat təcrübəmiz onu göstərir ki, həm müxbir, həm də zəngin olmaq mümkün olmur. Hər peşənin özünəməxsus gəlir həddi var. Şəxsən mənə elə gəlir ki, bizim jurnalistlər MDB məkanında ən təminatlı təbəqədir. Mövqeyindən asılı olmayaraq bütün jurnalistlər dövlət tərəfindən müdafiə olunurlar. Onların sosial problemləri mümkün qədər həll edilir. Jurnalistlərə ayrılan vəsaiti də kifayət qədər yüksək hesab edirəm. Azərbaycanda jurnalistlərin peşə təhlükəsizliyinin və nüfuzunun artması üçün də dövlət əlindən gələni edir. Bu təbəqə dövlətin və cəmiyyətin diqqət mərkəzindədir. Bütün bunlar hakimiyyətin mətbuatı himayə etməsi sayəsində mümkün olub. Yəni, Azərbaycan mətbuatında söz və fikir azadlığının təmin olunmasının konstitusion əsasları var. Əsas məsələ bundan ibarətdir. Siyasi iradə də ölkə mətbuatının azadlığını müdafiə edir. Hesab edirəm ki, ölkəmizdə çətin elə bir adam tapılsın ki, öz fikrini, sözünü azad ifadə edə bilmədiyini söyləsin. Bu və ya digər formada bunu edirlər. Hətta ayrı-ayrı qruplar, insanlar fikir ifadəsindən daha artıq formada, etik qaydalardan kənara çıxmaq yolu ilə də öz fikirlərini bildirirlər. Bu, azadlıqdan da o tərəfə keçir, anarxiya olur. Belə bir şəraitdə düşünürəm ki, doğrudan da Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olub. Vəzifə mövqeyindən asılı olmayaraq, hakimiyyət piramidasının ən üst qatından tutmuş ən aşağı xırda məmurlar səviyyəsinə qədər hamı istədiyi şey haqqında müxtəlif qəzetlərdə fikirlərini sərbəst şəkildə ifadə edir. Çox təəssüf ki, bəzi hallarda qərəzli və şantaj xarakterli fikirlər ortaya çıxır. Yəni, demək istəyirəm ki, ölkədə mətbuat azadlığı nəinki var, mövcuddur, o hətta istismar olunur.

Bununla yanaşı, onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, hazırda ölkə mediasının iki problemi mövcuddur. Peşəkarlıq və intellektual səviyyə. Əgər peşəkarlıq təkcə Azərbaycan jurnalistikasının problemidirsə, intellektuallıq bütövlükdə cəmiyyətin problemidir. İş yerimizdə hər birimiz sosial status etibarı ilə peşəkar oluruq. Amma küçədə başqa sosial statusun daşıyıcısına çevrilirik. Tutaq ki, metroda gedəndə sərnişin oluruq, maşın sürəndə sürücü oluruq və s. Lakin harda olmağımızdan asılı olmayaraq, biz həmin adamıq, həmin intellektual səviyyənin daşıyıcısıyıq. Fikrimcə, Azərbaycan cəmiyyətində intellekt qıtlığı var. Arzu edirəm ki, həmkarlarım daima bu problemlər ətrafında düşünsünlər və peşəkarlıq və intellektual səviyyələrini artırsınlar. Belə olarsa, həm cəmiyyətimiz, həm də mətbuatımız udacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti