...

Yarım milyonluq korrupsiyada ittiham olunan məhkumun işi üzrə ekspertiza təyin edilib

Cəmiyyət Materials 22 Aprel 2013 14:09 (UTC +04:00)
Aprelin 19-da Şirvan Apelyasiya Məhkəməsi cinayət kоllegiyasında Hüseynov Qəhrəman Şükür oğlunun apelyasiya şikayətinə baxılıb.
Yarım milyonluq korrupsiyada ittiham olunan məhkumun işi üzrə ekspertiza təyin edilib

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir İ.İzzət/

Aprelin 19-da Şirvan Apelyasiya Məhkəməsi cinayət kоllegiyasında Hüseynov Qəhrəman Şükür oğlunun apelyasiya şikayətinə baxılıb.

Şirvan Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, 2008-ci ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddət ərzində "Nikoyl - İKB" ASC-nin Lənkəran rayon filialının kənd özəl məsləhətçisi kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyətə məxsus 475 min 334 manat 89 qəpik məbləğində pul vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamaqda ittiham olunan Lənkəran rayonu Boladi kənd sakini Hüseynov Qəhrəman Şükür oğlunun apelyasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə iş üzrə ekspertiza təyin edilib.

Qeyd edək ki, Qəhrəman Hüseynova qarşı ilkin istintaq hərəkəti 2010-cu ilin martın 3-də Lənkəran Rayon Prokurorluğunda başlanılıb, 2010-cu ilin aprelin 6-dan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilib və 2011-ci il iyun 29-da isə iş məhkəməyə göndərilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə; Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə təqsirləndirilib.

Məhkəmənin qərarı ilə 64 yaşlı Qəhrəman Hüseynov cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin Qəhrəman Hüseynov ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyib.

Əldə etdiyimiz məlumata görə, hazırda sağlamlığında müəyyən problemləri olan məhkum Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar xidmətin müalicə müəssisəsində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti