...

Azərbaycanda son 12 ildə 6,3 milyon nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Cəmiyyət Materials 23 Aprel 2013 19:36 (UTC +04:00)
Daxili İşlər Nazirliyində "Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili"nin və "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işi"nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azərbaycanda son 12 ildə 6,3 milyon nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Daxili İşlər Nazirliyində "Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili"nin və "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işi"nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev aidiyyəti sahələrdə görülmüş işlər, əldə edilmiş nəticələr, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış ediblər.

Qeyd olunub ki, şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin tətbiqi ilə bağlı müvafiq qanunlardan və aidiyyəti Dövlət Proqramından irəli gələn vəzifələr də ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarilə 2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, ölkə Prezidenti tərəfindən vəsiqənin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Həmçinin, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə" layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub, müasir tələblərə cavab verən 9 regional mərkəz üçün yeni inzibati binalar tikilərək zəruri avadanlıqlarla təchiz edilib. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədilə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir.

Məruzəçi deyib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi məqsədilə dövlət başçısının 23 may 2011-ci il tarixli fərmanına müvafiq olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində də müəyyən işlər görülüb.

Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli fərmanına uyğun olaraq cari ilin əvvəlindən şəxsiyyət vəsiqələrinin nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsinə başlanılıb və bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Aidiyyəti işlərin may və iyun aylarında istismara veriləcək 2 saylı Xətai, 3 saylı Yasamal və Sumqayıt "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülüb, mərkəzlərin zəruri avadanlıq və ixtisaslı kadrlarla təminatı məsələsi həllini tapıb.

Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bugünədək respublikanın 16 yaşdan yuxarı əhalisinin 98,7 faizi və ya 6 milyon 303 min 455 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib və bu mühüm sahədə fəaliyyət məqsədyönlü surətdə davam etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti