...

Elşad İskəndərov Kiyevdə Azərbaycanın “pozitiv dünyəvilik” modelini açıqlayıb (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2013 10:38 (UTC +04:00)
“Azərbaycan – pozitiv dünyəviliyin örnəyidir”.
Elşad İskəndərov Kiyevdə Azərbaycanın “pozitiv dünyəvilik” modelini açıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

"Azərbaycan - pozitiv dünyəviliyin örnəyidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda iştirak edən komitənin sədri Elşad İskəndərov forum iştirakçıları qarşısındakı çıxışında bildirib.

Tədbirdən əvvəl Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Kiyevin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ümummilli liderin xatirəsini ehtiramla anıb.

Forumun açılış mərasimində çıxış edən DQİDK-nın sədri Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən amil olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz "pozitiv dünyəvilik" modelinin inkişaf etdiyini vurğulayıb. Belə ki, bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf edir.

Daha sonra komitə sədri Prezident İlham Əliyevin "tolerantlıq və multikulturalizm Azərbaycan xarakterinin tərkib hissəsidir" tezisini açıqlayaraq bu modelin ölkəmizin milli tarixi və milli kimliyi ilə səsləşdiyini bildirib. Belə ki, Qırmızı qəsəbə, rus kilsəsi və digər yer və ibadətgahların qorunması, həmçinin ölkədə məscidlərin sayının müstəqillikdən sonra 17-dən 1800-ə çatması ölkə başçısının sözlərinin bariz nümunələridir.

Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, Ukrayna Dinlərarası Forumunun sədri Aleksandr Feldmanın təşəbbüsü ilə keçirilən forumda 30-dan çox ölkənin din, ictimaiyyət və siyasət adamları iştirak edir. Səfər çərçivəsində komitə sədrinin Belçika Krallığı Senatının prezidenti Anna Maria Lizinlə, Ukraynanın hökumət və müxtəlif dini konfessiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti