...

AMEA-nın yeni vitse-prezidentləri seçildi

Cəmiyyət Materials 24 Aprel 2013 17:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri və Rəyasət Heyətinin üzvləri seçilib.
AMEA-nın yeni vitse-prezidentləri seçildi

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri və Rəyasət Heyətinin üzvləri seçilib. Trend-in məlumatına görə, Rəyasət Heyətinin üzvləri akademik Akif Əlizadə, Arif Həşimov, Nailə Vəlixanlı, Cəlal Əliyev, Vaqif Fərzəliyev, Akif Hacıyev, Nadir Seyidov və Kamal Abdullayevdir.

Yığıncaqda 4 vitse-prezident vəzifəsi təsis edilib. Hələlik I vitse-prezident vəzifəsi nəzərdə tutulmayıb.

AMEA-nın vitse-prezidentləri vəzifələrinə AMEA RH-də çalışmış akademik Akif Hacıyev, Geologiya İnstitutunda direktor müavini kimi çalışmış İbrahim Quliyev, Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəyli və akademik Tofiq Nağıyev seçki yolu ilə seçiliblər.

Qeyd edək ki, AMEA-nın əvvəlki vitse-prezidentləri Arif Həşimov, Nailə Vəlixanlı və Akif Əlizadə idi. Akif Əlizadə AMEA-nın bu gün keçirilən illik yığıncağında AMEA-nın prezidenti seçilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib.

Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Aqrar Bölmənin akademik katibi Qərib Məmmədov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Akif Hacıyev, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi isə İlqar Tağıyev olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti