...

Azərbaycanda tikintidə ölən və xəsarət alan işçilərin sayı artıb

Cəmiyyət Materials 26 Aprel 2013 13:26 (UTC +04:00)
Azərbaycanda 2011-ci illə müqayisədə 2012-ci ildə tikintidə ölən işçilərin sayı 21 faiz, zədələnənlərin sayı isə 10 faiz artıb. Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev AHİK-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə bildirib.
Azərbaycanda tikintidə ölən və xəsarət alan işçilərin sayı artıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2011-ci illə müqayisədə 2012-ci ildə tikintidə ölən işçilərin sayı 21 faiz, zədələnənlərin sayı isə 10 faiz artıb. Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev AHİK-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə bildirib.

Mehbalıyev bildirib ki, ümumilikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasından keçən 20 il ərzində həmkarlar ittifaqlarının xidmət sahəsinə daxil olan müəssisələrdə mütləq mənada xəsarət alanların sayı 5,5 dəfə, bədbəxt hadisə nəticəsində həlak olanların sayı isə 4,5 dəfə azalıb.

"Təkcə 2012-ci ildə 2011-ci illə müqayisədə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı müvafiq olaraq 34,2 faiz (79 nəfər xəsarət alana qarşı 52 nəfər) və 36,8 faiz (38 həlak olana qarşı 24 nəfər) azalıb. Həmin dövr ərzində analoji azalma respublika üzrə də müşahidə olunub", AHİK sədri bildirib.

Onun sözlərinə görə, 2006-2011-ci illərdə istər həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə, istərsə də respublika üzrə əmək xəsarətlərinin artımı müşahidə olunub.

"Biz bu cür istehsalat zədələnmələrinin artım dinamikasına biganə qala bilmərik. Bütün bunlar isə onu göstərir ki, biz hələ də bir sıra kompleks məsələlərin həllinə nail ola bilməmişik. Transmilli şirkətlərdə, kiçik və orta biznes müəssisələrində və büdcədənkənar müəssisələrdə işçilərin qeyri-məqbul əmək şəraiti xüsusilə həyəcan doğurur", - Mehbalıyev açıqlayıb.

Mehbalıyev, həmçinin bildirib ki, ötən il müəssisə və təşkilatlar tərəfindən əməyin mühafizəsi üzrə ayrılan vəsait 43,7 faiz artıb.

"Lakin bu bizi qane etmir. Hesab edirik ki, bu vəsait hər il artmalıdır", - AHİK sədri deyib.

AHİK sədri qeyd edib ki, respublikada əməyin mühafizəsinə xərclənən vəsaitlər ildən-ilə artır. Təkcə 2011-ci illə 2010-cu ili müqayisə etsək görərik ki, əməyin mühafizəsinə xərclənən vəsaitin miqdarı 6 faiz, hər işçiyə xərclənən vəsait isə 6,25 faiz artıb.

Mehbalıyev yaxın zamanlarda 2015-ci ilədək dövrü əhatə edən "Layiqli əmək" proqramının imzalanmasının nəzərdə tutulduğunu da açıqlayıb. Yeni proqramın əsas istiqamətlərindən biri əməyin mühafizəsi milli sisteminin yenilənməsidir.

O, həmçinin qeyd edib ki, son 5 il ərzində 24 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda əməyin mühafizəsi sahəsində 3200-dən çox yoxlama aparılıb. Həmin yoxlamaların 100-ə qədəri dövlət nəzarət orqanları ilə birgə aparılıb. Aparılan yoxlamalarda 14,1 min pozuntu halları müəyyən edilıb. Əməyin mühafizəsinə dair pozuntular barədə işəgötürənlərə 2220 təqdimat verilib. Aşkar olunmuş çatışmazlıqların 85 faizi müəyyən olunmuş müddətlərdə aradan qaldırılıb.

AHİK tərəfindən 2012-ci ildə aparılan yoxlamaların təhlili göstərib ki, texniki əmək müfəttişləri tərəfindən yoxlanmış müəssələrdə işçilərin hər 17 nəfərindən birinin həyatı üçün mövcud olan risk faktoru aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti