...

Pakistanın nüfuzlu jurnalında görkəmli oftalmoloq Zərifə Əliyeva haqqında məqalə dərc olunub

Cəmiyyət Materials 27 Aprel 2013 11:20 (UTC +04:00)
Pakistanın nüfuzlu "Diplomatic Insight" jurnalında tanınmış jurnalist, xanım Farhat Asifin "Zərifə Əliyeva - insanlara nur bəxş etmiş mələk" adlı məqaləsi nəşr edilib.
Pakistanın nüfuzlu jurnalında görkəmli oftalmoloq Zərifə Əliyeva haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Pakistanın nüfuzlu "Diplomatic Insight" jurnalında tanınmış jurnalist, xanım Farhat Asifin "Zərifə Əliyeva - insanlara nur bəxş etmiş mələk" adlı məqaləsi nəşr edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Zərifə xanım Əliyevanın 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olduğu, həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları ilə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatdığı bildirilib.

Yazıda gələcək taleyini tibb elminə həsr etməyini qarşısına məqsəd qoyan Zərifə xanımın orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olduğu və 1947-ci ildə əla qiymətlərlə bitirdiyi qeyd olunub. Bildirilib ki, məhz həmin dövrdə Azərbaycanda traxoma infeksion xəstəliyi geniş yayılıb və bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə mühüm əhəmiyyət daşıyırdı.

Müəllif məqaləsində Zərifə xanımın nursuz gözlərə işıq bəxş etmək, təbiətin gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda olduğunu bildirib.

Jurnalist qeyd edib ki, bu arzu Zərifə Əliyevanı Moskva şəhərinə aparır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir.

Daha sonra yazar vurğulayıb ki, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyeva, Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.

"Diplomatic Insight" jurnalında 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının Zərifə Əliyevaya oftalmologiya ixtisası üzrə böyük elmi işçi adını təqdim etməsi barədə məlumat verilib.

Sonra məqalədə 1967-ci ildə Zərifə Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunduğu bildirilib. Qeyd olunub ki, institut həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı.

Məqalədə 1977-ci ildə Moskvada tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Zərifə Əliyevanın ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etdiyi vurğulanıb.

Daha sonra yazar 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Zərifə Əliyevanın oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldüyü və böyük xidmətlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçildiyi vurğulanıb.

Akademik Zərifə Əliyevanın ömrü boyu böyük ictimai iş apardığını bildirən jurnalist, onun keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olduğunu, bir sıra orden və medallara layiq görüldüyünü, Azərbaycanın əməkdar elm xadimi fəxri adını aldığını vurğulayıb.

Məqalədə bütün bu elmi fəaliyyətilə yanaşı, Zərifə xanımın eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olduğu bildirilib, bu ocaqda vətənlərinin qüruru sayılan iki övladın boya-başa çatdığı qeyd olunub.

Məqalə "Təəssüf ki, Zərifə xanım müstəqil Azərbaycanın bu gününü görə bilməmişdir. O, ömrünün 62-ci baharında, 1985-ci ildə vəfat etmiş, həyat yoldaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevi tək qoymuşdur... ." sözləri ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti