...

QDİƏT ölkələrinin QHT-ləri regional əməkdaşlığı müzakirə ediblər

Cəmiyyət Materials 30 Aprel 2013 17:51 (UTC +04:00)
Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin qeyri-hökumət təşkilatları forumunun toplantısı keçirilir. Trend-in məlumatına görə, tədbirdə ümumilikdə 12 ölkədən, o cümlədən Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan nümayəndə heyətləri iştirak edirlər.
QDİƏT ölkələrinin QHT-ləri regional əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin qeyri-hökumət təşkilatları forumunun toplantısı keçirilir. Trend-in məlumatına görə, tədbirdə ümumilikdə 12 ölkədən, o cümlədən Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan nümayəndə heyətləri iştirak edirlər.

Tədbirdə Azərbaycan nümayəndə heyətinə forumun sədri Azay Quliyev rəhbərlik edir. Toplantıda QDİƏT ölkələrinin qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə edilib.

Bu gün isə Ankarada olan Azərbaycan nümayəndə heyəti Medya İşçiləri Sendikasını (Medya-İş) ziyarət edib. Anadolu Agentliyindəki görüşdə Medya-İşin baş direktoru Gürsel Eser Azərbaycanın Şuşa şəhərinin 21 ildir işğal altında qalmasının qəbuledilməz bir durum olduğunu vurğulayıb. O, Azərbaycanın mədəniyyət beşiyi olan Şusada bir çox bəstəkar, şair və yazar yetişdiyini söyləyib. Şuşanın işğalına son qoyulmasının vacibliyini vurğulayan Gürsel Eser Azərbaycanın mədəniyyət şəhəri olan Şuşaya yenidən Azərbaycan vətəndaşlarının yerləşməsinin tələb edildiyini deyib.

Milli Məclisin deputatı Azay Quliyev Şuşanın sadəcə Dağlıq Qarabağın deyil, Azərbaycanın da gözbəbəyi olduğunu dilə gətirərək, orada 21 il öncə 8 may tarixində Ermənistan tərəfindən işğalın gerçəkləşdiyini xatırladıb.

"Biz 21 ildir Şuşasız yaşayırıq. Şuşa adi bir şəhər deyil, yalnız bir mədəniyyət mərkəzi və mədəniyyət beşiyi deyil. Şuşa bizim üçün siyasi bir anlam daşıyır, çünki Dağlıq Qarabağın ən önəmli şəhəri olan Şuşada Azərbaycan türkləri yaşayıblar. Şuşa dövlət, mədəniyyət və siyasət adamları yetişdirib", - Quliyev söyləyib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçən il "Şuşaya azadlıq!" kampaniyası başlatdığını qeyd edən Quliyev bu məsələdə Türkiyə dövləti və mediasının dəstəklərini gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının koordinatoru Rufiz Qonaqov, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Qeyd edək ki, QDİƏT ölkələrinin QHT Forumunun təsis toplantısı 27 noyabr 2012-ci ildə Bakida keçirilib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutan tədbir zamanı forumun hüquqi bazası müəyyənləşdirilərək Bakı Bəyannaməsi imzalanıb və Şuranın sədri Azay Quliyev forumun sədri seçilib. Qurumun əsas məqsədi region dövlətlərinin həyata keçirdiyi böyük layihələrə ictimai dəstəyi təmin etmək, ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti