...

Elşad İskəndərov: Azərbaycan İƏT-də fəal rol oynayır (FOTO)

Cəmiyyət Materials 4 İyun 2013 15:39 (UTC +04:00)
Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş katibi (İƏT GF) Elşad İskəndərov tədbirdə bildirib ki, Azərbaycan təşkilatda səs hüququ alanadək uzun və şərəfli yol qət edib və hazırda İƏT-də fəal rol oynayır.
Elşad İskəndərov: Azərbaycan İƏT-də fəal rol oynayır (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda "İƏT modeli - Azərbaycan" layihəsinin bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş katibi (İƏT GF) Elşad İskəndərov tədbirdə bildirib ki, Azərbaycan təşkilatda səs hüququ alanadək uzun və şərəfli yol qət edib və hazırda İƏT-də fəal rol oynayır.

İskəndərov deyib ki, Azərbaycan qeyri-adi coğrafi mövqeyi və demokratiya sahəsində təcrübəsi sayəsində Şərqlə Qərb arasında vacib körpü funksiyasını həyata keçirir: "Bu yaxınlarda Bakıda keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna misaldır".

Onun sözlərinə görə, İƏT xətti üzrə bir çox tədbirlər məhz Bakıda təşkil edilir.

İskəndərov qeyd edib ki, "İƏT modeli - Azərbaycan" layihəsi üç ildir keçirilən irimiqyaslı "İƏT modeli - beynəlxalq münasibətlər akademiyası" layihəsi çərçivəsində həyata keçirilib.

Onun sözlərinə görə, İƏT-in Gənclər Foumu məhz 2004-cü ildə Azərbaycanda İƏT-in 41 qabaqcıl gənclər təşkilatının iştirakı ilə təsis edilib.

Qeyd edək ki, "İƏT model - Azərbaycan" layihəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Proqramın son mərhələsi olaraq "İƏT Xarici İşlər Nazirlərinin Sammiti"ni simulyasiya edən yekun toplantıda quruma üzv ölkələri təmsil edən işçi qrupları çərçivəsində azərbaycanlı tələbələr İƏT məkanında baş verən mühüm siyasi xarakterli və dünyanı narahat edən problemləri müzakirə edərək qərarlar qəbul ediblər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə Suriyadakı proseslər, İranın nüvə problemi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə təkliflər öz əksini tapıb. Bu gün isə İƏT ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin nümayəndələri, eləcə də Milli Məclisin üzvləri və yerli ictimai xadimlərin iştirakı ilə proqramın bağlanış və iki gün öncəki toplantıda xüsusi istedadı və bacarığı ilə seçilmiş tələbələrin və fərqlənən qrupların mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə İƏT-ə üzv olan müsəlman ölkələrinin Bakıda təmsil olunan səfirləri və diplomatik korpusların üzvləri, Azərbaycanın dövlət qurumları rəhbərləri, millət vəkilləri iştirak ediblər.

Layihədə, əsasən, Bakı Dövlət Universiteti olmaqla Bakının ali məktəblərinin 150-dən artıq tələbəsi iştirak edib, 6 həftə ərzində onlar İƏT-in tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olublar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyublar.

Bakıda keçirilən simulyasiya oyunlarında xüsusi bilik və bacarığı ilə seçilən beş azərbaycanlı tələbə bu ilin iyul ayında Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək beynəlxalq "İƏT modeli" yarışmalarında iştirak etmək hüququ əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti