...

Azərbaycanın şimal-qərb bölgəsində təbii fəlakətin fəsadları aradan qaldırılır

Cəmiyyət Materials 4 İyun 2013 17:12 (UTC +04:00)
İyun ayının 3-də ölkənin şimal-qərb bölgələrində yağan yağış, dolu və əsən güclü külək bir sıra fəsadlara yol açıb.
Azərbaycanın şimal-qərb bölgəsində təbii fəlakətin fəsadları aradan qaldırılır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

İyun ayının 3-də ölkənin şimal-qərb bölgələrində yağan yağış, dolu və əsən güclü külək bir sıra fəsadlara yol açıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə iyunun 3-də axşam saatlarında əsən güclü külək və yağan yağış təxminən 10-dan artıq irigövdəli ağacı kökündən çıxarıb, bir neçə işıq dirəyini aşırıb. Binaların dam örtükləri dağılıb, yol kənarlarında dayanan avtomobillərə ciddi ziyan dəyib. Hazırda aidiyyəti orqanlar fəsadların aradan qaldırılması üçün tədbirlər görürlər.

Gəncə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin verdiyi məlumata görə, hazırda şəhərə elektrik enerjisinin verilişində ciddi problemlər yoxdur. Hazırda kabel və naqillərin qırıldığı ərazilərdə təmir biriqadaları işləyir.

Trend EL TV-yə istinadən xəbər verir ki, iyunun 3-ü axşam saatlarında baş vermiş qasırğa bölgələrdə fəsadsız ötüşməyib. Güclü külək Bərdə rayonu Lək kəndi ərazisindəki Xan bağı meşəsində məskunlaşan məcburi köçkünlərin yaşayış evlərinə ciddi ziyan vurub.

Qasırğa nəticəsində aşan palıdın iri budağı Ağdam rayonundan məcburi köçkün Kərim Həsənova məxsus yaşayış üçün nəzərdə tutulan vaqonun üstünə aşıb. Zərbənin təsirindən vaqon tamamilə yararsız hala düşüb. Ev sahibinin bildirdiyinə görə, ağac aşan zaman içəridə yalnız onun oğlu olub.

Küləyin aşırdığı növbəti ağac isə Səidə Məmmədovaya məxsus evin üzərinə düşüb. Hadisə zamanı evin dam örtüyü tamamilə yararsız vəziyyətə qalıb.

Rayon Fövqəladə Hallar Komissiyası qasırğanın törətdiyi fəsadların artıq aradan qaldırıldığını bildirir.

Güclü qasırğa Tərtər rayonunda da ciddi fəsadlara yol açıb. Rayon mərkəzindəki çoxillik çinar ağacları aşıb. Güclü külək nəticəsində qırılan ağaclar avtomobil yollarını bağlayıb. Bərdə və Tərtər rayonlarında əhaliyə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.

Artıq problemlərin həll edildiyi bildirilir.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayonunun Bəhrəmbəy kənd sakinləri, Göygöl rayon Camışçılıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi, Taxıl toxumu üzrə dövlət müəssisəsi, o cümlədən Samuxda yerləşən Göygöl rayon Ətlik-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi küləyin ciddi fəsadlarını aradan qaldırmağa çalışır. Əkin sahələrinə, eləcə də kənd təsərrüfatı müəssisələrinə dəyən ziyanın məbləği isə heç də az deyil.

Göygöl rayon Taxıl toxumu üzrə dövlət müəssisənin direktoru Mahir Əliyev bildirib: "Güclü külək taxıl anbarlarının və idarənin binasının dam örtüyünü dağıdıb. Arpa sahəsini yatırdıb, təxminən 15-20 min manat arasında ziyan dəyib. İdarədən 20 km aralıda yerləşən əkin sahələrində 21 hektarlıq arpa sahəsinin 50 faizini yatırdıb".

Trend Kanal S-ə istinadən xəbər verir ki, axşam saatlarında Zaqatalada güclü küləklə müşayiət olunan yağış, ildırım rayonda müəyyən problemlər yaradıb. Belə ki, əlverişsiz hava şəraiti ilə əlaqədar rayonun bir sıra ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yağışlı hava zamanı Azərbaycan prospektində Aftandil Ramazanova məxsus evə ildırım düşüb. Nəticədə evin tavanı qismən yanıb. Hadisə yerinə cəlb olunan rayon Yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi yanğının böyüyərək bütün evi əhatə etməsinin qarşısını ala bilib. Lakin hadisə zamanı zərərçəkən evin və eyni xətt üzrə yerləşən digər evlərin elektrik naqilləri və elektrik avadanlıqları sıradan çıxıb.

Qaxda baş vermiş güclü külək də bir çox fəsadlar törədib. Əsasən rayonun bir çox kəndlərində ağaclar və işıq dirəkləri aşıb. Bunun nəticəsində də şəhər və kəndlərə elektrik enerjisinin verilməsində problemlər yaşanıb. Qaxda axşam saatlarında əsən güclü külək bir sıra problemlərə yol açıb. Kəndlərdə və şəhərdə işıq dirəkləri aşıb, ağaclar kökündən çıxaraq elektrik naqillərinin üzərinə düşüb. Baş vermiş güclü külək nəticəsində axşam saat 19:00 radələrindən bütövlükdə rayona elektrik enerjisinin verilməsi dayandırılıb. Küləyin intensiv olduğu Qum, Ləkit, Baydarlı, Tanqıt, İlisu, Qorağan, Alatəmir, Qaşqaçay, Almalı və Turaclı kəndlərində işıq dirəkləri aşıb, elektrik naqilləri qırılıb. Dərhal vəziyyətlə bağlı Qax Elektrik Şəbəkəsinin təmir briqadaları işıq dirəklərinin aşdığı yerlərə yollanıb. Gecə saatlarında rayonun bir qisminə elektrik enerjisinin verilməsi bərpa olunub. Səhər saatlarından başlayaraq işçi briqadaları yol kənarındakı aşan işıq dirəklərinin bərpası işlərini davam etdirib.

Ağacların aşması nəticəsində sıradan çıxmış 10 kilovoltluq və 0,4 kilovoltluq elektrik naqillərinin də bərpası davam etdirilir. Qax Elektrik Şəbəkəsindən verilən məlumata görə, günün sonunda Qax rayonu elektrik enerjisi ilə tam təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti