...

Bakıda veteranlar beynəlxalq avtoyürüşün iştirakçıları ilə görüşüblər

Cəmiyyət Materials 10 İyun 2013 13:07 (UTC +04:00)
Bakıda bazar ertəsi “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları ilə görüş keçirilib.
Bakıda veteranlar beynəlxalq avtoyürüşün iştirakçıları ilə görüşüblər

Azərbaycan, Bakı, 10 iyun / Trend, müxbir M.Əliyev/

Bakıda bazar ertəsi "Qələbə yolları ilə" adlı beynəlxalq avtoyürüşün iştirakçıları ilə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyi, RAGT və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu il mayın 6-dan başlayaraq "Bizim ümumi qələbəmiz" adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə "Qələbə yolları ilə" adlı beynəlxalq avtoyürüşə start verilib.

Abdullayev deyib ki, beynəlxalq avtoyürüşün keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, İkinci Dünya müharibəsinə və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir:

"Avtoyürüşdə 13 maşın var və Sankt-Peterburq şəhərindən başlayan avtoyürüş bu gün Bakı şəhərində tamamlanır. Həmin gənclərin burada azərbaycanlı veteranlardan alacaqları müsahibələr Rusiyanın müxtəlif saytlarında yerləşdiriləcək. Həmçinin bu gün avtoyürüş iştirakçılarına veteranlar tərəfindən videokameralar paylanacaq. Bunun da məqsədi gənclərin onlara verilən videokameralar vasitəsilə azərbaycanlı veteranlardan müsahibə alaraq, Rusiya saytlarında yerləşdirməsidir".

Tədbirdə çıxış edən veteranlar qazandıqları təcrübələri gənclərlə bölüşüblər. Həmçinin tədbirdə Böyük Vətən müharibəsində iştirak edən zabit və əsgər heyətinə həsr olunmuş film nümayiş olunub.

Xatırladaq ki, marşruta əsasən, "Qələbə yolları ilə" adlı beynəlxalq avtoyürüş iştirakçıları bu il iyunun 6-7-də Quba rayonuna, iyunun 7-9-da Qəbələ rayonuna və bu gün Bakı şəhərinə səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti