...

Səttar Mehbalıyev: Azərbaycan "yaşlanan" ölkə hesab edilə bilər

Cəmiyyət Materials 13 İyun 2013 17:16 (UTC +04:00)
Əgər 20 il əvvəl Azərbaycanın əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi "yaşlanan" hesab oluna bilər. Bu müddət ərzində insanların 65 yaş və ondan yuxarı çəkisi 4,8 faizdən 5,8 faizədək artıb, ancaq əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enib.
Səttar Mehbalıyev: Azərbaycan "yaşlanan" ölkə hesab edilə bilər

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Əgər 20 il əvvəl Azərbaycanın əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi "yaşlanan" hesab oluna bilər. Bu müddət ərzində insanların 65 yaş və ondan yuxarı çəkisi 4,8 faizdən 5,8 faizədək artıb, ancaq əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enib. Uzunömürlülük isə dayanmadan yüksələrək hazırda 74 yaş həddinə yaxınlaşır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında "Yeni demoqrafik şəraitdə məşğulluq və sosial müdafiə" mövzusunda çıxışı zamanı deyib.

AHİK sədrinin sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə əhalinin yaşlanması prosesi daha sürətlə davam edir. Əksər Avropa ölkələrində əhalinin 65 yaşdan yuxarı olan hissəsi 15-17 faizi təşkil edir. Bu, bir tərəfdən doğum səviyyəsinin aşağı düşməsi, digər tərəfdən isə uzunömürlülüyün artması ilə əlaqədardır. Verilən məlumatlara əsasən, yaxın gələcəkdə planetin əhalisinin orta yaşı sürətlə artacaq və 2030-cu ilə kimi 35 yaşa çatacaq.

Mehbalıyev əlavə edib ki, Azərbaycanın müstəqilliyinin əldə olunduğu ilk illərdə, respublikadakı qeyri-sabit siyasi və sosial-iqtisadi şəraitdə Azərbaycan xalqının iradəsi və mentalitetinin əleyhinə olaraq, ölkəmiz qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağda separatçı münaqişəyə cəlb olundu: "Bu, Azərbaycanın sülhsevər xalqımızın həyatında çox şeyi dağıtdı. Bunlardan biri də bizim respublika əhalisinin demoqrafik inkişafının pozulması oldu. Doğum səviyyəsi üzrə göstərici aşağı düşdü: əgər 1990-cı illərin əvvəlində əhalinin hər 1000 nəfərinə 26,6 nəfər doğulan uşaq düşürdüsə, sonrakı illərdə bu rəqəm 18-dən bir az çox idi".

Onun sözlərinə görə, ölkə əhalisinin ümumi artımı fonunda əmək qabiliyyətli yaşdan aşağı olan əhali bir neçə dəfə azalıb. Bu isə iqtisadiyyatın işçi qüvvəsi ilə təmin edilməsində problem yarada bilər:

"Əmək resursları 2000-2011-ci illərdə 4685,8 min nəfərdən 6101,2 min nəfərədək artıb və orta illik artım 118 min nəfər təşkil edib. Bu isə ötən dövrdəkindən bir neçə dəfə aşağıdır. "Qara qızıl"ın insan kapitalına yönəldilməsi siyasətini həyata keçirən Azərbaycana dünya böhranının nəticələrindən qaçmaq mümkün olub. Ölkədə qəbul olunmuş bir sıra geniş proqramlar ümumdaxili məhsulun yüksəldilməsinə (2003-cü ildən etibarən 3 dəfə çoxalıb), əhalinin məşğulluğunun artırılmasına, layiqli əmək üçün şəraitin yaradılmasına istiqamətləndirilib."

Millət vəkili daha sonra deyib ki, 2007-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına demək olar ki, 100 milyard ABŞ dolları həcmində investisiya qoyulub və bunun 60 milyardı daxili ehtiyatlar hesabına olub. Nəticədə 1 milyon 100 mindən çox əlavə iş yeri yaradılıb. Bunun 70 faizi ölkənin regionlarında daxili miqrasiyanın əhəmiyyətli dərəcədə azalmasına, işsizliyin səviyyəsinin 11%-dən 5,2%-ə enməsinə səbəb olub. 130 min ailə və yaxud 600 min insan bu gün ünvanlı sosial yardım alır.

Sonda Səttar Mehbalıyev vurğulayıb ki, əhalinin yaşlanması təbii proses olaraq qaçılmaz və dönməz olsa da, müvafiq tədbirlər vaxtında işlənib hazırlansa və həyata keçirilsə, bu prosesin neqativ nəticələrindən qaçmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti