...

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Cəmiyyət Materials 15 İyun 2013 17:41 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Bu barədə Trend-ə şənbə günü Şuradan daxil olan məlumatda deyilir.
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan, Bakı, 15 iyun / Trend /

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Bu barədə Trend-ə şənbə günü Şuradan daxil olan məlumatda deyilir.

İclası açan MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. MŞ sədri bildirib ki, bu gün, yəni iyunun 15-də jurnalistlər üçün tikilmiş hündür mərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatır. İclasda müzakirə olunacaq ilk məsələ mövcud istiqamətdə görülmüş işlərdir. Gündəliyə təklif olunan ikinci məsələ MŞ sıralarının tənzimlənməsidir. Şuranın tərkibində elə kütləvi informasiya vasitələri var ki, çoxdandır fəaliyyət göstərmirlər, eyni zamanda qurumun üzvü kimi üzərilərinə düşən öhdəliyi yerinə yetirmirlər. Belələrinin Şura sıralarında qalıb-qalmamasına münasibət bildiriləcək. Nəhayət, Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi məsələsi ətrafında da müzakirələrin aparılması nəzərdə tutulur. Gündəlik səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Gündəlikdə duran birinci məsələ ilə bağlı MŞ sədri Ə.Amaşov məlumat verdi ki, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin bölgüsü ilə əlaqədar MŞ-nin kriteriyalarının açıqlanmasından, yəni may ayının 23-dən sonra Şuranın Katibliyi tərəfindən quruma üzv KİV-ə müraciətlər ünvanlanıb və onlara prinsiplər barədə geniş məlumat verilib. Şəffaflığın təmin edilməsi üçün Şura üzvləri redaksiyalarda namizədlərin müəyyənləşdirilməsi gedişini izləyiblər. Keçirilmiş səsvermə proseslərində hər hansı nöqsanlar qeydə alınmayıb. Bununla belə adı redaksiya siyahısına düşə bilməyənlərdən bir neçəsi MŞ-yə şikayət ünvanlayıb. Həmin şikayətlər də araşdırılacaq.

Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar bir namizəd irəli sürməli idilər. MŞ üzvləri məsələ ətrafında fikirlərini bildirdikdən sonra toplanmış materiallarla bağlı müvafiq prosedur ümumiləşdirmələrin aparılması və onların Prezident Administrasiyasına göndərilməsi qərara alınıb.

MŞ üzvləri Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi ilə bağlı bildirdilər ki, ali məclis Şuranın Nizamnamə tələblərindən irəli gələn qaydalara uyğun şəkildə baş tutmalıdır. Bu mənada ilk iş qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılmasıdır.

Belə qərara alındı ki, MŞ-nin İdarə Heyətinin hazırkı tərkibi artıq Təşkilat Komitəsi kimi fəaliyyət göstərsin. Qarşıdakı müddətdə redasiyalarla mövcud istiqamətdə müvafiq iş aparılsın. İclasda eyni zamanda təklif olundu ki, MŞ-yə üzv gündəlik qəzetlərin və informasiya agentliklərinin ali məclisdə 2, həftəlik qəzetlərin, xəbər portallarının, jurnalların və jurnalist təşkilatlarının 1 nümayəndəsi qurultayda nümayəndə ilə təmsil olunsunlar. Qəbul edilən qərarlardan biri də qurultayın dəqiq tarixi ilə bağlı oldu. TK üzvləri ali məclisin iyul ayının 12-də təşkilini məqsədəuyğun saydılar. Tədbirin yerinin müəyyənləşdirilməsi barədə işlərin aparılması razılaşdırıldı.

Qeyd edək ki, qarşıdakı müddət ərzində Mətbuat Şurasına üzv redaksiyalara müvafiq məktublar və anket formaları göndəriləcək. Bu yolla onların qurultayın səsverməsinə çıxarılması üçün namizədlərini irəli sürmələrinə şərait yaradılacaq. Ən çox səs toplamış namizədlərin adları qurultaydakı yekun səsverməyə çıxarılacaq və bununla da MŞ-nin İdarə Heyətinin yeni tərkibi formalaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti