...

İtaliyada Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 22 İyun 2013 06:26 (UTC +04:00)
Romanın “Fontana Di Trevi” konqres mərkəzində İtaliyanın şərqşünaslıq üzrə aparıcı elmi tədqiqat qurumları olan C.A.Nallino adına Şərqşünaslıq İnstitutu və Neapol Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə “Ədəbiyyat əlaqələri üzrə Avropa-Azərbaycan görüşləri” başlığı altında silsilə tədbirlər çərçivəsində ilk tədbir - Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
İtaliyada Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Romanın "Fontana Di Trevi" konqres mərkəzində İtaliyanın şərqşünaslıq üzrə aparıcı elmi tədqiqat qurumları olan C.A.Nallino adına Şərqşünaslıq İnstitutu və Neapol Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə "Ədəbiyyat əlaqələri üzrə Avropa-Azərbaycan görüşləri" başlığı altında silsilə tədbirlər çərçivəsində ilk tədbir - Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, konfransdan əvvəl Almaniya, Azərbaycan, Fransa və İtaliyadan olan alimlər və səfirliyin əməkdaşları Nizami Gəncəvinin xatirəsinə Romanın "Villa Borqeze" parkında ucaldılmış abidəni ziyarət edib və önünə əklil qoyublar.

Konfransı C.A.Nallino adına Şərqşünaslıq İnstitutunun vitse-prezidenti professor Massimo Papa açıb.

Tədbirin əvvəlində Neapol Şərqşünaslıq Universitetinin Azərbaycan ədəbiyyatı üzrə tanınmış eksperti professor Mikele Bernardini çıxış edərək universitetin rektoru xanım Lida Viqanoninin adından konfransın iştirakçılarını salamlayıb.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru millət vəkili Rafael Hüseynov, AMEA Əlyazmalar İnstitutunun Tərcümə və İnformasiya şöbəsinin müdiri professor Fərid Ələkbərli, Strasburq Milli Kitabxanasının direktor müavini Kristof Didye, Venesiyadakı Ka Foskari Universitetinin professoru Campyero Bellinceri, Romadakı Sapienza Universitetinin professoru Ancelo Mikele Pyemonteze və Berlin Humboldt Universitetinin Azərbaycan Tarixi departamentinin rəhbəri professor Eva-Maria Auh məruzələrlə çıxış ediblər.

Tədbir zamanı Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünyada geniş tanınmasının tarixi və yüksək dəyərli əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının yaradıcılıq fəaliyyətinə müsbət təsiri, dünyanın bir çox ölkələrinin muzeylərində, kitabxanalarında qorunub saxlanılan əlyazmaları və əsərləri haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konfrans zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar müzakirələr aparılıb. Tədbirdə İtaliyanın elm, tədqiqat və təhsil dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti