...

ADA Böyük Britaniyanın Qlazqo Universiteti ilə anlaşma memorandumu imzalayıb

Cəmiyyət Materials 4 Noyabr 2013 12:20 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında anlaşma memorandumu imzalanıb.
ADA Böyük Britaniyanın Qlazqo Universiteti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, bu barədə ADA-nın Kommunikasiya Departamentindən bildirilib.

Anlaşmaya əsasən, hər akademik semesterdə universitetlər arasında tələbə mübadiləsi proqramı həyata keçiriləcək və hər semester iki tələbə bu proqramda iştirak etmək hüququ qazanacaq.

Memorandumda universitetlər arasında tələbələr üçün akademik və mədəni, o cümlədən tədqiqat mübadilə proqramları həyata keçirmək də nəzərdə tutulub.

Qeyd edək ki, anlaşma memorandumu ADA-nın tədris işləri üzrə prorektoru, doktor Patrik Kvinn və Qlazqo Universitetinin Sosial Elmlər İnstitutunun icraçı prorektoru, professor Anne Anderson tərəfindən imzalanıb. ADA-nın Dövlət və İctimai Münasibətlər İnstitutunun dekanı, doktor Anar Vəliyev və Qlazqo Universitetinin Sosial Elmlər İnstitutunun dekanı, professor Vivien Baumfild imzalanmaya şahidlik ediblər.

İki universitet arasında həyata keçiriləcək birgə proqramların və qurulacaq əməkdaşlığın Akademiya üçün əhəmiyyətindən danışan doktor Kvinn bu anlaşmanın hər iki tərəfin müəllim və tələbə heyəti üçün vacib olduğunu qeyd edib.

Şotlandiyada yerləşən Qlazqo Universitetinin əsası 1451-ci ildə qoyulub və Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti