...

Anar Bağırov: "Sığorta fəaliyyəti haqqında" qanuna edilən dəyişiklik xüsusən hüquqşünaslar üçün xüsusi əhəmiyyət kəsb edir

Cəmiyyət Materials 25 Dekabr 2013 12:52 (UTC +04:00)
Trend Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri Anar Bağırovun “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra əhəmiyyətli dəyişikliklər edilməsi ilə bağlı müsahibəsini təqdim edir.
Anar Bağırov: "Sığorta fəaliyyəti haqqında" qanuna edilən dəyişiklik xüsusən hüquqşünaslar üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Trend Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri Anar Bağırovun "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra əhəmiyyətli dəyişikliklər edilməsi ilə bağlı müsahibəsini təqdim edir.

- Bildiyiniz kimi cari ilin oktyabr ayının sonunda "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. Bunlardan da biri yeni sığorta növü olan "hüquqi xərclərin sığortası"nın qanunda təsbit olunmasıdır. Qısaca da olsa, oxucularımızı bu sığorta növü haqqında məlumatlandırmağınızı istərdik.

- Son dönəmlər ölkə qanunvericiliyinin liberallaşdırılması və onun daha da intensivləşən kommersiya münasibətləri ilə uzlaşdırılması məqsədilə müvafiq sahəvi normativ aktlar mütəmadi şəkildə dəyişiklik və əlavələrə məruz qalmaqdadır. İş o həddə çatmışdır ki, hətta bəzən bu cür dəyişikliklərin həcminin çoxluğu yerli hüquqşünaslar tərəfindən narazılıqla da qarşılanır. Çünki qanunvericilikdəki yeniliklərin izlənilməsi və bu dəyişikliklərin gətirdiyi yeni normaların tətbiqi prosesində hüquqşünasların müxtəlif çətinliklərlə qarşılaşmaları da heç kimə sirr deyildir. Hüquqşünaslar dedikdə isə mən həm vəkilləri, həmçinin həmin normaları tətbiq edən hakimləri nəzərdə tuturam.

Beləliklə, təxminən ay yarım bundan əvvəl "Sığorta fəaliyyəti haqqında" qanuna bir sıra dəyişikliklər edilmişdir ki, həmin dəyişikliklər öz təbiəti etibarilə sələflərindən keyfiyyətcə fərqlənməkdədir. Bu dəyişikliklər vəkillər, xüsusən hüquqi xidmət sferasında çalışan hüquqşünaslar üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, adı çəkilən qanuna "hüquqi xərclərin sığortası" adlı yeni sığorta növü əlavə edilmişdir. Bu sığorta növünün mahiyyətini sadə şəkildə belə izah edə bilərik: "hüquqi xərclərin sığortası"ndan istifadə etmək istəyən şəxs, sığorta şirkəti ilə müqavilə bağlayaraq bunun üçün aylıq və ya illik ödəniş edir. Müqaviləyə əsasən, əgər şəxs gələcəkdə hər hansı hüquqi problemlə, məhkəmə çəkişməsi ilə və ya müəyyən məsələ ilə bağlı hüquqi mübahisə ilə rastlaşarsa, bu zaman sığorta şirkəti həmin şəxsin hüquqi müdafiəsi ilə bağlı bütün xərcləri çəkməyi öz üzərinə götürəcək.

- Qeyd etdiyiniz kimi, bu sığorta növü ölkəmiz üçün yenilikdir. Lakin yəqin ki, bu, hər bir halda nou-hau deyildir və oxucularımızı bu sahədəki beynəlxalq təcrübə barədə məlumatlandırsanız, yaxşı olardı.

- Bəli, tamamilə doğru buyurursunuz. Ölkəmizin sığorta bazarı üçün bu cür sığorta növü yeni olsa da, inkişaf etmiş qərb ölkələrində bu praktikadan uzun illərdir ki, istifadə olunur. Bu mənada qeyd olunan sığorta növünün məğzini anlamaq üçün beynəlxalq təcrübəyə müraciət etsək, tam yerinə düşər.

"Hüquqi xərclərin sığortası" əsasən, inkişaf etmiş qərb ölkələrinin təcrübəsində geniş istifadə olunur. Buraya ABŞ və Avropa İttifaqına üzv ölkələr daxildir. Həmin ölkələrdə bu sığorta növünün iki modifikasiyasından istifadə olunur. Bunlardan birincisi "hadisədən əvvəl hüquqi xərclərin sığortası" adlanır ki, bu sığortadan istifadə edən şəxs özünü əsasən, ehtimal olunan məhkəmə çəkişmələrindən sığortalamaq üçün yararlanır. Burada ödənilən sığorta ödənişi sığortalının vəkil, ekspert və şahid xərclərini qarşılayır. Avropada bu sığorta növü əsasən, avtomobillərin kasko sığortası çərçivəsində təmin edilir. Məsələn, yol-nəqliyyat hadisəsi ilə bağlı şəxs əgər məhkəməyə verilərsə, sığorta polisi olduğu təqdirdə sığorta şirkətinin hüquqşünasları həmin şəxsi məhkəmədə müşayiət edəcəkdir. İkinci növə "hadisədən sonra hüquqi xərclərin sığortası" aiddir.

Aydın olsun deyə, bu növü bir misalla izah edək. Əgər şəxs mülki işlə bağlı hər hansı hüquqi və ya fiziki şəxs tərəfindən məhkəməyə verilərsə və həmin məhkəməni uduzarsa, sığorta şirkəti onun (uduzan tərəfin) ödəməli olduğu bütün maddi təzminatları qarşılamağı öz öhdəsinə götürür. Haşiyədən kənara çıxaraq deməliyəm ki, Avropada bəzən vəkillə müştəri arasında elə hüquqi xidmət müqaviləsi bağlanılır ki, həmin müqaviləyə əsasən, əgər vəkil prosesi uduzarsa, öz müştərisindən xidmət haqqı tələb etməyəcəyinə söz verir. Lakin belə olan halda həmin vəkil müştəridən "hadisədən sonrakı hüquqi xərclərin sığortası" şəhadətnaməsini tələb edir. Yəni, vəkil prosesi uduzduğu zaman onun məsrəflərini müştərisi deyil, sığorta şirkəti ödəmiş olur.

Məlumat üçün bildirmək istərdim ki, hazırda Avropada "hüquqi xərclərin sığortası"ndan istifadə etmək üçün ödənilən illik sığorta haqqının məbləği 8 - 200 Avroyadək dəyişir. Məbləğin bu qəribə intervalı isə sığorta hadisəsinə görə sığorta şəhadənaməsi ilə əhatə olunan hüquq sahələrinin sayı ilə bağlıdır. Yəni, bu sığorta növünə əsasən, hüquqi xidmət həm cinayət, həm mülki, həm iqtisadi, həm inzibati və s. sahələr üzrə göstərilə bilər. Misal üçün qeyd olunmalıdır ki, hazırda İngiltərədə bu sığortadan istifadə edənlərin sayı əhalinin 60%-dən çoxunu əhatə edir. Ümumiyyətlə, Avropa İttifaqında bu sığorta növü 1987-ci ildən geniş şəkildə istifadə olunur.

Orada "Hüquqi xərclərin sığortası haqqında" 87/344/EEC saylı Direktiv qüvvədədir ki, İttifaqa üzv ölkələr həmin direktiv əsasında, bu sahədəki öz milli qanunvericiliklərini formalaşdırmışlar.

- Bu sığortanın ölkəmizdə tətbiqi gələcəkdə hansı çətinliklərlə müşayiət oluna bilər?

- Beynəlxalq təcrübədə bu institutun tətbiqi də təbii ki, problemlərdən xali deyildir. Bu sığorta növünün istifadəsi zamanı qarşılaşılan əsas çətinliklərdən biri sığorta olunanın sığorta hadisəsi baş verdiyi zaman ona xidmət göstərəcək hüquqşünasın seçiminin sığorta şirkətinin heyətində olan hüquqşünaslarla məhdudlaşmasıdır. Əslində, sığorta şirkəti sığorta hadisəsi baş verən zaman sığorta olunana hüquqi xidmət göstərəcəyini vəd edir, lakin həmin xidmətin keyfiyyətinə zəmanət vermir. Bu cür müəmmalı vəziyyət çox vaxt bu cür sığorta növündən istifadə etmək niyyətində olanların sayına da mənfi təsir göstərə bilir. Zənnimcə, gələcəkdə belə problemlərlə rastlaşılmaması üçün ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri (sığortaçılar) əvvəlcədən hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmış peşəkar yerli hüquq şirkətləri ilə əməkdaşlıq etsələr, özlərini həm müştəri narazıçılığından sığortalayar, həm də ki, öz müştəri bazasının artmasına töhfə vermiş olarlar.

Bu təcrübə korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında da əhəmiyyətli rol oynaya bilər. Çünki bu sığortadan istifadə edildikdə və sığorta hadisəsi baş verdikdə məhkəmənin qarşısına sadə vətəndaş deyil, peşəkar sığorta və ya hüquq şirkəti çıxacaq ki, bu da məhkəmə proseslərinin daha da ciddiləşməsinə səbəb olacaq, hüquqi məlumatlılığı məhdud olan vətəndaşların prosessual hüquqlarının ehtimal olunan pozuntusu riski minimuma enəcəkdir. Bu təcrübə isə, illər ərzində oturuşmuş peşəkar hüquq ənənələrinin formalaşmasına rəvac vermiş olacaqdır.

Yekun olaraq qeyd etmək istərdim ki, ilk baxışdan sadə görünən "hüquqi xərclərin sığortası" təcrübəsi respublikamızda təkcə sığorta bazarının deyil, həm də hüquq xidmət bazarının inkişafına təkan verməklə vətəndaşlarımızın hüquqlarının müdafiəsinə sözün əls mənasında dəstək vermiş olacaqdır. Hətta vətəndaşlar üçün cüzi məbləğ qarşılığında bu sığorta növünün icbariləşdirilməsi ölkəmizdə mövcud olan hüquqi yardım probleminin gələcək həllinə müəyyən mənada təkan vermiş olacaqdır ki, bu, hüquqi xidmət sahəsində təkanverici dəyişiklikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti