...

Bakıda səyyar "ASAN xidmət" fəaliyyətə başladı

Cəmiyyət Materials 3 Fevral 2014 12:04 (UTC +04:00)
3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayır.
Bakıda səyyar "ASAN xidmət" fəaliyyətə başladı

Azərbaycan, Bakı, 3 fevral /Trend/

3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayır.

Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səyyar xidmətlər dedikdə şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Pilot layihə Bakının Nərimanov rayonunu əhatə edir.

Səyyar "ASAN xidmət" çərçivəsində göstərilən xidmətlər bunlardır: Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; Sürücülük vəsiqələrinin dəyişdirilməsi; Məhkumluq barədə arayışların verilməsi; Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

İş rejimi bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dəkdir. Xidmətin sifarişi 108 nömrəli "Çağrı" mərkəzi vasitəsi ilə həyata keçirilir.

Səyyar xidmət haqqı ikitərəfli xidmət üçün (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) 90 manat, birtərəfli xidmət üçün isə (hazır sənədin çatdırılması) 50 manatdır.

Nigahın qeydə alınması və təntənəli nigahın kəsilməsi üçün 150 manat, təntənəli nigahın kəsilməsi üçün isə 100 manat xidmət haqqı tələb olunur.

Sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqqları daxil deyil.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına" əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlavə məlumat üçün 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti