...

Fevralın 9-dan başlayaraq Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Fevral 2014 11:53 (UTC +04:00)
Fevralın 9-da artıq gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraitinin olacağı gözlənilmir.
Fevralın 9-dan başlayaraq Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın 9-da artıq gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraitinin olacağı gözlənilmir. Ümumiyyətlə isə, fevralın ikinci ongünlüyündə Azərbaycan ərazisində havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın əvvəlinə nisbətən fevralın ikinci ongünlüyündə Azərbaycan ərazisində hava mülayim keçəcək.

Bu gecə Abşeron yarımadasında 2-7, Bakıda isə 3 dərəcə şaxta olub. Fevralın 6-dan 7-nə və fevralın 7-dən 8-nə keçən gecə şaxtalı hava şəraiti davam edəcək. Həmin günlərdə gecə Bakıda və Abşeron yarımadasında 0-4 dərəcəyədək şaxta müşahidə olunacaq. Gündüz saatlarında isə havanın temperaturu 0 dərəcədən yüksək, 2-5 dərəcə isti olacaq.

Fevralın 9-da artıq gecə saatlarında şaxta gözlənilmir. Həmin gecə Bakıda və Abşeron yarımadasında gecə 2 dərəcəyə yaxın isti proqnozlaşdırılır.

Nazirlikdən bildirilib ki, bir neçə gün əvvəl müşahidə edilən soyuq, şaxtalı hava şəraitinin təkrarlanacağı proqnozlaşdırılmır. Hazırkı hava şəraiti bir neçə gün əvvəldən ölkə ərazisində müşahidə edilməyə başlayan soyuq hava şəraitinin sonu hesab edilir.

Bu günlərdə müşahidə edilən soyuq hava şəraiti 2012-ci illə müqayisədə daha əlverişli olub. Həmin ildə hava şəraiti daha kəskin şaxtalı olub.

Bakıda və Abşeron yarımadasında fevralın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında fevralın 7-də havanın temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimalı var.

Aran rayonlarında fevralın 7-də havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti