Azərbaycan, Bakı, 6 fevral /Trend/
Yerevanda icbari pensiya yığım sisteminə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıdurma olub. Bu barədə Trend "Armİnfo"ya istinadən məlumat verir.
Polis əməkdaşları yolu kəsərək "Mən əleyhinəyəm!" hərəkatının fəallarının Dövlət Gəlir Komitəsinin binasına yaxınlaşmasına mane olmağa çalışıblar və bu zaman qarşıdurma yaranıb. Fəallardan bir neçəsi döyülüb.
Etiraz aksiyasında bir neçə min adam iştirak edir. Aksiya iştirakçıları komitənin binasına yaxınlaşaraq işəgötürənləri öz əməkdaşlarının maaşlarını yubatmağa məcbur etməməyi tələb ediblər.
Qeyd edək ki, Ermənistanda 2014-cü il yanvarın 1-dən pensiya yığım sisteminin icbari komponenti tətbiq edilib. Yeni qanun 1974-cü ildən sonra doğulmuş vətəndaşlar tərəfindən əməkhaqqının beş faizinin xüsusi yığım fondlarına ödənilməsini nəzərdə tutur. Daha beş faizi dövlət ödəyəcək. Vətəndaş yığılmış vəsaitləri pensiya yaşına çatanda ala bilər.