...

YAP Nizami rayon təşkilatında Xocalı soyqırımına həsr olunmuş sərgi-tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2014 17:16 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı 22 il sonra: şagirdlərin gözü ilə” adlı sərgi-tədbir keçirilib.
YAP Nizami rayon təşkilatında Xocalı soyqırımına həsr olunmuş sərgi-tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı 22 il sonra: şagirdlərin gözü ilə" adlı sərgi-tədbir keçirilib.

Tədbirin açılışını edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımını rəsm əsərlərilə əyani şəkildə vətəndaşlarımızın, xüsusilə də, gənclərimizin şüurunda maddiləşdirmək, daimi həkk etdirmək və dövlət səviyyəsində reallaşdırılan "Xocalıya ədalət" kampaniyasına dəstək verməkdir.

Sonra çıxış üçün söz YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevaya verilib. Millət vəkili deyib ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır və Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir.

S.Vəliyeva diqqətə çatdırıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edib: "Elə Xocalı soyqırımı ilə bağlı tədbirin təşkilatımızın Heydər Əliyev Muzeyində keçirməyimiz də xüsusi məna kəsb edir".

Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə dava etdirən Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib: "Məhz, birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirilib. Həmçinin, Prezident İlham Əliyevin beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam böyük əhəmiyyətə malikdir.
Eyni zamanda, bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir.

Bununla yanaşı, Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyasıdır".

S.Vəliyeva çıxışının sonunda vurğulayıb ki, soyqırımını törədənlərin beynəlxalq səviyyədə cəzalandırılması baş tutması üçün səylərimizi əsirgəməməliyik: "Ramil Səfərovun azad olunacağına bəlkə də heç kəs inanmırdı. Amma cənab Prezidentin iradəsi və xalqın dəstəyi buna imkan verdi. Çox güman ki, bu işimizdə də bir olsaq, Xocalı soyqırımının təşkilatçıları və icraçıları da cəzalandırıla bilər".

Çıxış edən Edelman Məmmədov isə deyib ki, bu gün həmin hadisələri bir daha təhlil etdikdə görürük ki, ermənilər o zaman Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər: "Bu məqsəd isə hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar. Hətta, Ermənistanın bu günkü prezidenti belə soyqırımının törədilməsində iştirak edib. Ona görə də, düşünürəm ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında bütün azərbaycanlılar aktiv olmalıdır. Çünki, torpaqarımızın 20 faizi hələ də Ermənistanın işğalı altındadır".

Çıxışlardan sonra Azərbaycanı Türkiyədə keçirilmiş şeir müsabiqəsində təmsil edərək, birinci yerə layiq görülmüş 250 saylı orta məktəbin 11-ci sinif şagirdi Mehparə Zeynalova "Xocalı" şeirini söyləyib.

Daha sonra tədbir iştirakçıları şagirdlərin əl işlərilə tanış olublar. Sərgidə həm hazır şəkillər, həm də istedadlı şagirdlərin canlı olaraq, çəkdikləri şəkillər nümayiş etdirilib. "Xocalıya ədalət" şüarı ilə YAP Nizami rayon təşkilatının gənclərinin keçirdikləri flaşmob da sərgi iştirakçıları üçün sərgilənib.

Nümayiş üçün açıq keçirilmiş sərgini rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və digər müəssisələrin, hətta, özəl şirkətlərin əməkdaşları ziyarət edib, Xocalı soyqırımı ilə bağlı əl işlərinə baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti