...

Batumidə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 18:30 (UTC +04:00)
Bu gün Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Batumidə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, anım mərasimində Acarıstan Muxtar Respublikası hökumət aparatının, nazirliklərinin və qurumlarının məsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV nümayəndələri, Kulevi terminalının və Gürcüstanda fəaliyyət göstərən "SOCAR" şirkətinin əməkdaşları, Acarıstan MR-dəki icmaların rəhbərləri, Acarıstanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən, baş konsul Hüseyn Nəcəfov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı ən ağır törədilmiş cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Nəticədə fevralın 26-sı Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü vəhşicəsinə öldurülüb. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırım olduğunu təsdiq edir. Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanıb. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Parlamenti fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Baş konsul bildirib ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

H.Nəcəfov həmçinin bildirib ki, 2008-ci ilin may ayının 8-dən etibarən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyasına start verilib. Ötən müddət ərzində "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın çox ölkəsində müxtəlif tədbirlər həyata keçirilib.

Tədbirdə çıxış edən M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin prezidenti Vidadi Axundov Xocalı soyqırımını törədən erməniləri kəskin tənqid edib.

Mərasimdə Acarıstan Muxtar Respublikasının Ticarət Palatası nəzdində Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru Rostom Quntaişvili baş vermiş faciəyə hüquqi qiymət verib və Azərbaycan xalqına qarşı edilmiş soyqırım kimi xarakterizə edib.

Daha sonra tədbirdə "Changes for Equal Rights" qeyri-hökumət təşkilatının nümayəndəsi Nino Çkaidze çıxış edərək baş verən faciəni soyqırım kimi xarakterizə edib və bu cür hadisələrin təkrarlanmasına imkan verməməyin vacibliyini qeyd edib.

Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış "Xocalı soyqırımı" adlı sənədli filmi, eləcə də amerikalı rep-ifaçı Toni Blekmen və "Dəyirman" qrupunun ifasında "Xocalıya ədalət" ("Justice for Khojaly") musiqi klipi və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Dua" sənədli filmləri nümayiş olunub.

Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, "Xocalıya ədalət" musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.

Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasim və baş konsulun müsahibəsi "Acariya TV" və "TV 25" kanalları tərəfindən işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti