...

Penitensiar Xidmət 13 nəfər təqsirləndirilən şəxsin təcridxanaya qaytarılması zamanı yaranan insidentə münasibət bildirib

Cəmiyyət Materials 1 Aprel 2014 20:21 (UTC +04:00)
Penitensiar Xidmət bu gün Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilmiş 13 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatdıqdan sonra geriyə qaytarılması zamanı yaranmış anlaşılmazlıqla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlara münasibət bildirib.
Penitensiar Xidmət 13 nəfər təqsirləndirilən şəxsin təcridxanaya qaytarılması zamanı yaranan insidentə münasibət bildirib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət bu gün Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilmiş 13 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatdıqdan sonra geriyə qaytarılması zamanı yaranmış anlaşılmazlıqla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 01.04.2014-cü il tarixdə Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşaiyət edilmiş 13 nəfər təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra geriyə qaytarılarkən təcridxananın təhvil-təslim yerində digər xüsusi nəqliyyat vasitəsi olduğuna görə onları gətirən nəqliyyat vasitəsi qısa müddət ərzində gözləməli olub. Bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz əlaməti olaraq xüsusi təyinatlı avtomobili döyəcləyib, səs-küy salmağa başlayıblar. Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də, buna məhəl qoyulmamış və öz hərəkətlərini davam etdirmişlər.

Yayılan informasiyalarda avtomaşında olan hava çatışmazlığı ilə bağlı məlumat həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxslərin daşınmasını həyata keçirən Penitensiar Xidmətin sərəncamındakı "Fiat Ducato" markalı xüsusi avtomobillər ən müasir tələblərə cavab verən nəqliyyat vasitələridir. Bu nəqliyyat vasitələrində təmiz hava axını, daşınan şəxslərin və onları müşaiyət edənlərin təhlükəsizlikləri yüksək səviyyədə təmin olunur. Təqsirləndirilən şəxslər tərəfindən intizam qaydalarına məhəl qolulmadığına və xüsusi nəqliyyat vasitəsinə zərər vurulması ilə müşayiət olunan hərəkətlər davam etdirildiyinə görə qarovul heyəti "Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat"ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin edib.

Təhlükəsizlik tədbiri zamanı heç bir şəxs xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti