...

Avropalı ekspertlər BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndiriblər (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2014 15:38 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib
Avropalı ekspertlər BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndiriblər (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İsveçrənin Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycanın ilk məruzəsi təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Azərbaycanın "Əlillərin hüquqları haqqında" Konvensiyaya və bu Konvensiyanın Fakültativ Protokoluna 2008-ci ilin oktyabrında qoşulduğunu qeyd edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov məruzədə ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Nazir Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfədən çox aşağı olduğunu vurğulayıb: "Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaqdır. Müqayisə üçün bildirim ki, Ümümdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir".

S.Müslümov bildirib ki, bununla belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkədə əlilliyin artmasında mühüm rol oynamış, respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11 912 nəfər əlil olmuşdur: "Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir".

Nazir diqqətə çatdırıb ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitinin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Eyni zamanda, "Əlillərin hüquqları haqqında" Konvensiyaya uyğun olaraq, bu sahədə qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylər davam etdirilir. S.Müslümov qeyd olunan işlərdə hökumətin əlil təşkilatları ilə sıx əməkdaşlığı, bu əməkdaşlıq şəraitində Konvensiyanın müddəalarına uyğun şəkildə hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi, habelə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsi barədə məlumat verib.

Nazir əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırıb: "2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılmışdır. Cari ilin mart ayında Azərbaycan Prezidentinin imzaladığı, 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılmış, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilmişdir".

Əlilliyi olan şəxslərin dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman preparatları ilə təminatından söz açan S.Müslümov onların məşğulluq imkanlarının genişləndirilməsinə, təhsil almaları və peşə hazırlığı keçmələri üçün lazımi şəraitin yaradıldığına, ölkədə əlil idmanının inkişafına dair məlumatları da sessiya iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin, nazir Konvensiyaya uyğun olaraq, əlilliyi olan şəxslər üçün sosial infrastrukturdan, nəqliyyat, İKT və rabitədən istifadənin təmin olunması məqsədilə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verib, bu məsələnin daim hökumətin diqqətində dayandığını vurğulayıb.

Sessiyada avropalı ekspertlər "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndirib və Konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Sonra sessiya iştirakçılarının Konvensiyanın bir sıra müddəalarının icrası ilə əlaqədar sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti