...

Bakı Ali Neft Məktəbi ilə "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma" imzalanıb (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2014 11:09 (UTC +04:00)
Aprel ayının 3-də Bakı Ali Neft Məktəbinin konfrans zalında ABŞ-nın “Halliburton” şirkəti ilə “Əməkdaşlıq haqqında Razılaşma”nın imzalanması mərasimi keçirilmişdir.
Bakı Ali Neft Məktəbi ilə "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma" imzalanıb  (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprel ayının 3-də Bakı Ali Neft Məktəbinin konfrans zalında ABŞ-nın "Halliburton" şirkəti ilə "Əməkdaşlıq haqqında Razılaşma"nın imzalanması mərasimi keçirilmişdir.

BANM-dən Trend-ə bu gün verilən məlumata görə, mərasimi açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin (BANM) yaranma tarixi, 2-illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar haqqında məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksəkixtisaslı mühəndis kadrların ölkənin ali təhsil müəssisələrində hazırlanmasına xüsusi önəm verdiyini və bu məqsədə çatmaq üçün tədris prosesində ölkədə fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlığın BANM-in fəaliyyətinin prioritetlərindən olduğunu vurğulamışdır.

"Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə direktoru Rəndi Gilçrist Azərbaycanda Bakı Ali Neft Məktəbi kimi müasir ali təhsil müəssisələrinin yaradılmasını yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi şirkətin ingilis dilində müasir proqramlar və texnologiyalar əsasında təhsil almış mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirmiş və imzalanacaq Razılaşma çərçivəsindəki tədbirlərin mütəxəssis hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əmin olduğunu vurğulamışdır.

Daha sonra rektor Elmar Qasımov və Rend Gilçrist iki tərəf arasında "Əməkdaşlıq haqqında Razılaşma"nı imzalamışdır.

İmzalanmış sənəddə BANM-in kitabxana-informasiya resurslarının zənginləşdirilməsi, şirkətin mütəxəssisləri tərəfindən tələbələrə mühazirələrin oxunması, tələbələrin şirkətdə istehsalat təcrübəsinin təşkili, BANM-in şəhərciyində müasir tədris laboratoriyalarının yaradılması, şirkətin mütəxəssislərinin müəllim kimi tədrisə cəlb olunması, tədris prosesinin proqram təminatı ilə təchiz edilməsi, istedadlı tələbələrə təqaüdlərin və mükafatların verilməsi, onlar üçün kursların təşkili və karyera imkanlarının yaradılması üzrə birgə tədbirləri həyata keçirmək nəzərdə tutulmuşdur.

Mərasimin sonunda Rəndi Gilçristə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti