...

Bakıda II Azərbaycan-Fransa Universitetlərarası Forumu öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2014 11:23 (UTC +04:00)
Bu gün ADA Universitetində Fransanın Azərbaycandakı səfirliyi və "Kampüs Frans" agentliyi ilə birgə təşkil edilən İkinci Azərbaycan-Fransa Universitetlərarası Forumu öz işinə başlayıb.
Bakıda II Azərbaycan-Fransa Universitetlərarası Forumu öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir İ.İsabalayeva/

Bu gün ADA Universitetində Fransanın Azərbaycandakı səfirliyi və "Kampüs Frans" agentliyi ilə birgə təşkil edilən İkinci Azərbaycan-Fransa Universitetlərarası Forumu öz işinə başlayıb. Trend-in məlumatına gərə, tədbir aprelin 5-də yekunlaşacaq.

Forumun açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, forumda Fransanın 14 universitetinin və müxtəlif Azərbaycan universitetlərinin nümayəndələri iştirak edirlər.

Forumun əhəmiyyətindən danışan H.Paşayev deyib ki, ötən il baş tutan forumda olduğu kimi, ADA Universiteti ilə Fransa universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanacaq. Bu konfrans zamanı ADA Universiteti və Fransanın İESEG Menecment İnstitutu arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Azərbaycanın təhsil sisteminin inkişaf etdiyini nəzərə çatdıran rektorun sözlərinə görə, ölkənin ali məktəblərinin xarici dövlətlərin nüfuzlu universitetləri ilə əməkdaşlığı, beynəlxalq təcrübənin öyrənilməsi çox əhəmiyyətlidir. H.Paşayev ADA Universitetinin bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlığın getdikcə genişləndiyini də söyləyib.

Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, iqtisadiyyatın güclü inkişafı üçün təhsilin rolu mühümdür. Çünki yalnız yüksək keyfiyyətli təhsil almış gənc ölkədə mühüm islahatların həyata keçirilməsinə töhfə verə bilər. Azərbaycanın təhsil sahəsindəki bəzi uğurlarını qeyd edən C.Bayramovun sözlərinə görə, bu Forum iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Nazir müavini qeyd edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqamı" çərçivəsində indiyədək 2612 gənc təhsil almaq üçün xarici ölkələrə göndərilib. Proqramın məzunu olan gənclər özəl və dövlət sektorlarında uğurla fəaliyyət göstərirlər.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qeyd edib ki, xarici dil bilmək və öyrənmək gənclərin ən böyük imkanlarıdır. Səfir deyib ki, bu gün Azərbaycan məhz xarici dil bilən şəxslərin sayəsində ölkədən kənarda da tanınır.

Azərbaycan gənclərinin Fransada təhsil aldığını xatırladan səfir ən yaxşı tələbələrin bundan sonra da Fransa universitetlərində təhsil almaları üçün imkan yaradılacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti