...

"Hər kağızı bir yarpağa dəyişək" layihəsi başa çatıb (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2014 17:20 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin “ASAN xidmət” və ”Təmiz Şəhər” ASC ilə birgə həyata keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsi başa çatmışdır.
"Hər kağızı bir yarpağa dəyişək" layihəsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin "ASAN xidmət" və "Təmiz Şəhər" ASC ilə birgə həyata keçirdiyi "Hər kağızı bir yarpağa dəyişək" layihəsi başa çatmışdır.

İctimai Birlikdən Trend-ə bildiriblər ki, fevralın 3-dən etibarən start götürmüş layihə çərçivəsində vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərinə xeyli miqdarda kağız təhvil vermişdir. Layihənin şərtlərinə əsasən, təhvil verilən hər 50 kq kağız 1 ədəd ağacın əkilməsinə imkan yaratmışdır. Beləliklə, 3 ay davam edən layihə çərçivəsində toplanmış 78 810 kq kağız məhsulu müqabilində 1576 ədəd ağac alınmışdır.

Layihənin yekunu olaraq aprelin 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin və digər təşkilatçıların, eləcə də layihəyə dəstək göstərən dövlət qurumlarının, özəl müəssisə və fiziki şəxslərin iştirakı ilə "Təmiz Şəhər" ASC-yə məxsus Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı Balaxanı poliqonunun 5000 m2 yaxın ərazisi yaşıllaşdırılmışdır.

Ağacların əkilməsi üçün məhz bu ərazinin seçilməsində məqsəd ərazinin havasını oksigenlə zənginləşdirmək, mövcud torpaq qatını münbitləşdirmək və bununla da ərazidə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.

Qeyd edək ki, 1 ton kağızın istehsalı üçün orta hesabla 17 ağac kəsilir və bu kağızlar yararsız hala düşdükdən sonra tullantı poliqonlarına daşınır. Bununla da, ağacların kəsilməsi ilə yanaşı, torpaqlar tullantılarla çirkləndirilir, torpaq, yeraltı sular və atmosferin çirklənməsi riski artır. Lakin adıçəkilən aksiya sübut etdi ki, kağızı ağacları kəsməklə deyil, onu təkrar emala yönəltməklə də istehsal etmək olar. Bununla yanaşı, "Hər kağızı bir yarpağa dəyişək" layihəsi göstərdi ki, aksiya çərçivəsində toplanmış və təhvil verilmiş kağızın hesabına uzun illər ekoloji fəlakət mənbəyi kimi tanınan Balaxanı poliqonunu da yaşıllaşdırmaq mümkündür. Bu gün bu ərazi artıq tullantı sahəsini deyil, parkı xatırladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti