...

Ombudsmana şikayət edən məhkumun ağır yoluxucu xəstə olduğu üzə çıxıb

Cəmiyyət Materials 8 Aprel 2014 15:10 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Penitensiar xidmətin 3 saylı cəzaçəkmə müəssisəsində (CÇM) araşdırma aparıblar.
Ombudsmana şikayət edən məhkumun ağır yoluxucu xəstə olduğu üzə çıxıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Ombudsman Aparatının əməkdaşları Penitensiar xidmətin 3 saylı cəzaçəkmə müəssisəsində (CÇM) araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, bu günlərdə mətbuatda Penitensiar Xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində (vərəmli məhkumlar üçün) saxlanılan Nəbiyev Lətif Murad oğlunun işgəncələrə məruz qalması, cərimə təcridxanasına salınaraq ayağına qaynar çaydan bağlanması və ona müəmmalı dərmanlar qəbul etdirilməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 3 saylı CÇM-də araşdırma aparıblar.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 29, 120.2.4, 29, 120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinən və hazırda Bakı Ağır Cinayətlərə Məhkəməsinin hesabında olan Nəbiyev Lətif Murad oğlu ilə söhbət zamanı o, müəssisə əməkdaşları və rəhbərliyindən şikayətinin olmadığını bildirib, mətbuatda yer alan məlumatın həqiqətə uyğun olmadığını söyləyib.

Eyni zamanda o, xəstə olmamasına baxmayaraq uzun müddət İxtisaslaşmış müalicə müəssisəsində saxlanmasından, məhkəmə prosesinin uzanmasından şikayət edib və istintaq təcridxanasına köçürülməsini xahiş edib.

Müəssisənin rəisi ilə söhbət zamanı sonuncu dəfə L.Nəbiyevin 06.09.2013-cü il tarixdə 5 gün müddətinə Təcridetmə palatasında təhlükəsiz yerə keçirilməsi ilə bağlı qərar çıxarıldığı məlum olub.

Tibb xidmətinin həkimləri ilə söhbət zamanı və təqdim olunmuş sənədlərə əsasən, L.Nəbiyevin Hepatit "C", HİV infeksiyası (IV klinik mərhələsi) və vərəm xəstəliyi (infiltrasiya mərhələsində) təsdiq olunub. Lakin Nəbiyev bir müddət müalicə aldıqdan sonra yazılı şəkildə müalicədən imtina edib (01.08.13) və bu barədə müvafiq sənədləşmə aparılıb. Təqdim edilmiş tibbi arayışa görə təqsirləndirilən şəxsin yoluxucu xəstəliyi olması səbəbindən İstintaq təcridxanasına və ya cəzaçəkmə müəssisəsinə keçiriləcəyi təqdirdə məhkum və həbs edilmiş şəxslərin yoluxdura biləcəyi ehtimalı real olduğu üçün onun hər hansı bir müəssisəyə köçürülməsi məqsədə uyğun olmadığı barədə qərar qəbul edilib.

Aparatın əməkdaşları tərəfindən L.Nəbiyevə həkimin tibbi rəyindən şikayət vermək hüququ izah edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti