...

Ayrılığa bir gün qaldı...

Cəmiyyət Materials 8 Aprel 2014 17:41 (UTC +04:00)
Sanki sevdiyin, vərdiş etdiyin bir qadından imtina edirsən. Sanki ona xəyanət edirsən. İllərdir ağır günündə, xoş günündə səninlə baş-başa qalan, dərdini-sərini səninlə az qala bərabər bölüşən bir nəsnəyə yox demək istəyirsən.
Ayrılığa bir gün qaldı...

Yazıçı-publisist Yunus Oğuz

Sanki sevdiyin, vərdiş etdiyin bir qadından imtina edirsən. Sanki ona xəyanət edirsən. İllərdir ağır günündə, xoş günündə səninlə baş-başa qalan, dərdini-sərini səninlə az qala bərabər bölüşən bir nəsnəyə yox demək istəyirsən. "Daha mənim yanımda durma" deyirsən. Ağrılıdır, üzüntülüdür, amma deməlisən... Başqa yolu yoxdur. Qoxusunu ciyərlərinə çəkib havadan onun ətrini duyurdun. İndi ona yox deməlisən. "Yox" demək asandırmı? O səninlə nə qədər gecəli, gündüzlü yanında olub... Hər kəsdən qaçdığın an o səni addım-addım izləyib, dərdini bölüşüb, bəzən sənə ilham verib, bəzən acını canından alıb. Bəzən isə ondan bezmisən. İstəmisən ondan qaçasan. Sadiq dost kimi bunu etməmisən, fikirləşmisən ki, olmaz. Kənardan baxan nə deyər. O sənin sevgilin olub. Sevmisən, əzizləmisən. Bircə an da yanından kənarda olmayıb. Kimsə olmayanda o sənin yanında olub. Başqalarına deyə bilmədiyin sözləri yalnız ona demisən.

Dodaqlarımla onu öpər, əzizləyərdim. Sonra sanki tavada günəş qızardıram deyə atəşə düşərdim. İndi bütün bunların hamısına yox demək lazımdır. Ayrılmaq gərəkdir. Qərar verilib. Ayrılmağmıza cəmi bir gün qalıb. Bu ayrılığa mən də hazırlaşıram, o da. Zatən bunu hər ikimiz gözləyirdik. İllərdir yanımdan ayrılmadı. Bəziləri məndən bezsə də o bezmədi. Arada məni xəstəhal etdi, amma indi ayrılmaq zamanıdır. Bilirəm məndən küsəcək, inciyəcək. Deyəcək "amandır, atma məni", amma olmaz! Bu ayrılıq olmasa sənin qədrini bilməmiş olaram. Bu ayrılıq gərəkdir. Sən demə səni sevməmək lazımdır. Səni sevmək özünü itirmək deməkdir.

Ayrılığımıza bir gün qaldı. Sənli xatirələrim çox olub. Hər dəfə səni xatırlayacam. Bu da ötəri olacaq, hər zaman yanımda idin, indi məndən uzaqda duracaqsan. Kənardan mənə baxıb "gəl-gəl" deyəcəksən, Mənsə buna gülümsəməklə cavab verəcəm. Sənsizliyə dözəcəm, ağrıyacam, ancaq yanına gəlməyəcəm. Bu sınıq dünyada adamı nə qədər sındırarlar?

Sənin yanında sınmayacam, ağrını içimdə gəzdirəcəm, amma sınmayacam.

Daha nə qaldı ki? Bir gündən sonra vidalaşırıq. Heç nə əskidəki kimi olmayacaq. Mən səni unudacam. Bilirəm sən məni özünə yenə aşiq etmək üçün daha nələr etməyəcəksən?

Bir gün qaldı. Bir gündən sonra ayrılırıq. Daha gecə ilə gündüz kimi bir-birimizi görməyəcəyik.

Mən səni nəfəsimdən, yanımdan, istəyimdən ayrıram. Mən səni daha istəmirəm. Ayrılıq zamanı gəldi, ancaq buna xəyanət kimi baxma. Bu sadəcə olaraq ayrılıqdır.

Bu ayrılığın sonu olsa daha yaxşı olar. Siqareti sevgililikdən çıxardım. Bu sevgililik ziyanlıdır. Bu sevgililiyin sonu ayrılıqdır.

Bir gün qadı. Mən sənə əlvida deyəcəm, siqaret!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti