...

ADA Universiteti ilə Avropa İttifaqının birgə layihəsinə start verilib

Cəmiyyət Materials 9 Aprel 2014 12:02 (UTC +04:00)
Bu gün ADA Universitetində Avropa İttifaqı əlaqələrinə yönələn iki illik "Azərbaycan Respublikasında dövlət qulluğunda Avropa İttifaqı (Aİ) məsələlərinə aid təlim sisteminə dəstək və Aİ məsələləri üzrə Mərkəzin yaradılması" adlı layihənin rəsmi açılış mərasimi keçirilib.
ADA Universiteti ilə Avropa İttifaqının birgə layihəsinə start verilib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün ADA Universitetində Avropa İttifaqı əlaqələrinə yönələn iki illik "Azərbaycan Respublikasında dövlət qulluğunda Avropa İttifaqı (Aİ) məsələlərinə aid təlim sisteminə dəstək və Aİ məsələləri üzrə Mərkəzin yaradılması" adlı layihənin rəsmi açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan H.Paşayev qeyd edib ki, bu layihə Aİ ilə Azərbaycan arasında uzun müddət davam edən danışıqların və müzakirələrin nəticəsində ərsəyə gəlib. Proqramın müvəffəqiyətlə yerinə yetiriləcəyinə əmin olduğunu bildirən H.Paşayev gələcəkdə ADA Universitetində Aİ üzrə magistratura təşkil etmək niyyətində olduqlarını diqqətə çatdırıb: "ADA Universitetində ictimai əlaqələr və beynəlxalq əlaqələr üzrə magistraturalar var və ehtiyac var ki, gələcəkdə elə mütəxəsislər hazırlaya bilək ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı genişlənən əməkdaşlığa hazır olsunlar".

Sonra çıxış edən M.Mard layihənin Azərbaycan ilə Aİ arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyini bildirib. ADA Universitetinin bu layihənin yerinə yetirilməsində xüsusi rolunu qeyd edən Aİ rəsmisi layihənin müsbət nəticələr verəcəyinə əmin olduğunu bildirib: "Biz inanırıq ki, bu proqram ümumilikdə Azərbaycan ilə Aİ arasında münasibətləri daha da gücləndirəcək və inkişaf etdirəcək".

Daha sonra çıxış edən Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın xarici siyasətinin proritetlərindən birinin Aİ ilə səmərəli əməkdaşlığın qurulması olduğunu diqqətə çatdırıb. Aİ ilə əməkdaşlıqda iqtisadi və ticari əlaqələrin mühüm yer tutduğunu deyən nazir müavini qeyd edib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif spektrlərini əhatə edən hüquqi baza yaradıldığını deyib. Nazir müavini Azərbaycanın Aİ-nin Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşı olduğunu diqqətə çatdırıb. S.Babayev bu layihənin Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.

Tədbirdə çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb və bunun Aİ ilə Azərbaycan arasında əməkdaşlığa müsbət təsir edəcəyini diqqətə çatdırıb.

Həmçinin tədbir çərçivəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Kolleci ilə Anlaşma Memorandumları imzalanıb.

Qeyd edək ki, layihə Belçikanın Avropa Kolleci ilə birgə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Hərtərəfli İnstitutlaşdırma proqramı çərçivəsində ADA Universitetinə İnstitusional İslahat Planını həyata keçirməkdə dəstək olmaqdır. Layihə çərçivəsində dövlət qulluqçularına təlimlər verilməklə yanaşı, ADA Universitetində Avropa İttifaqı üzrə magistratura proqramının yaradılması, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA Universitetinin professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti