...

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar yağacaq

Cəmiyyət Materials 9 Aprel 2014 12:43 (UTC +04:00)
Yaxın günlər ərzində Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə ediləcək, tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.
Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar yağacaq

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlər ərzində Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə ediləcək, tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq. Şimşək çaxma ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək .

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

Aprelin 11 və 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Aprelin 11-də axşam cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 12-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir. Aprelin 11 və 12-də gündüz hava əsasən yağmursuz olacaq, gecə və axşam bəzi ərazilərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti