...

AŞPA-nın yaz sessiyasında azərbaycanlı deputat uşaq yoxsulluğu ilə bağlı məruzə edib

Cəmiyyət Materials 12 Aprel 2014 12:08 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının sonuncu iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva “Avropada uşaq yoxsulluğuna son qoymaq” mövzusunda məruzə ilə çıxış etmişdir.
AŞPA-nın yaz sessiyasında azərbaycanlı deputat uşaq yoxsulluğu ilə bağlı məruzə edib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının sonuncu iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva "Avropada uşaq yoxsulluğuna son qoymaq" mövzusunda məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, S.Fətəliyeva bildirmişdir ki, Avropada xeyli uşağın üzləşdiyi yoxsulluq problemi insan hüquqlarının müxtəlif şəkildə pozulmasının əsas səbəbləri kimi göstərilməlidir: "Bir çox uşaq qida çatışmazlığından, təmiz suyun, sağlamlığın, sığınacaq və təhsilin məhrumiyyətindən əziyyət çəkir. Uşaq yoxsulluğu insanların birdəfəlik gəlirinin bölgüsü, uşağın yaşadığı ev şəraiti və çox aşağı iş gərginliyi olan ailələrdəki vəziyyətlə ölçülür".

S.Fətəliyeva diqqətə çatdırımışdır ki, yoxsulluq və ya sosial təcridolunma ilə bağlı risk qrupuna daxil olan əsas uşaq qrupları bunlardır: "Tək valideynli və böyük ailələrdəki uşaqlar, işsiz və az gəlirli valideynlərin uşaqları, immiqrant və milli azlıq ailələrindəki uşaqlar və qüsurlu uşaqlar. Yoxsul uşaqlara təkcə "parçalanmış ailələr"də rast gəlinmir, həmçinin yoxsul uşaqların əksəriyyəti ev işlərinə cəlb olunmuş şəraitdə yaşamış və tək valideynliyi dəstəkləmək məsələsində bəzi ölkələr digərlərindən daha çox uğur qazanmışdır. Ona görə də bu sahədə stereotiplərdən və ümumiləşdirmələrdən qaçmaq lazımdır. Uşaqların ehtiyaclarının ödənilməsinə gəldikdə işsizlik və ailənin gəlirinin məbləği və səviyyəsi bu məsələyə təsir edən həlledici amillərdir".

S.Fətəliyeva bildirmişdir ki, uşaqlar arasında yoxsulluq məsələsi müxtəlif Avropa ölkələrində dərindən araşdırılmışdır və bir çox ölkələrdən davamlı olaraq çətin və əlverişsiz şəraitdə yaşayan uşaqlara dair hesabatlar alınmaqdadır.

Onun sözlərinə görə, bütün Avropadan əldə edilmiş azsaylı misallar onu göstərir ki, ailələrin gəlirlərinin təhlükə altına düşdüyü və imtiyazlarının ixtisara salındığı indiki iqtisadi və maliyyə fonunda yoxsulluq içərisində yaşayan uşaqlar üçün təcili yardıma ehtiyac var və inkişaf etmiş Avropa ölkələrində də yoxsul uşaqlara rast gəlindiyini nəzərə alsaq, heç bir Avropa ölkəsi bu məsələdə istisna ola bilməz.

S.Fətəliyeva qeyd etmişdir ki, yoxsulluq uşaqların özünəinamına və özünüqiymətləndirməsinə, onların digər uşaqlarla münasibətlərinə təsir göstərir: "Yoxsul olan uşaqların sağlamlığı zəif olur, onlar daha aşağı səviyyəli təhsil alır, buna görə də işlə təmin olunma qabiliyyətləri məhdud olur və sosial həyata daha zəif inteqrasiya olunurlar. Yoxsulluğun uşaqların rifahına təsir etməsinin beş əsas səbəbi vardır: Sağlamlıq və qidalanma, valideynlərin psixi sağlamlığı, valideynin uşaqla qarşılıqlı münasibəti, evdə və ətraf aləmdəki mühit. Bildirilmişdir ki, zəif qidalanma sinir-əqli funksiyalarına təsir göstərir. Yoxsul uşaqların doğularkən çəkisi adətən aşağı olur və bu vəziyyət onların sonrakı inkişafında özünü büruzə verir. Sınaqlar göstərir ki, əlverişli şəraitdə olan uşaqların əqli qabiliyyətləri əlverişsiz şəraitdə yaşayanlarınkından 60 faiz daha yüksəkdir".

S.Fətəliyeva diqqətə çatdırmışdır ki, tərbiyə verən valideynlər evdəki emosional iqlimdə və uşaqların rifah hissində əhəmiyyətli rol oynayırlar. Onun sözlərinə görə, valideynlik keyfiyyətinin uşaqlara birbaşa təsiri var:

"Bu, onların məktəbdə nailiyyətlərinə, öz yoldaşları ilə yola getmələrinə və özünəinam hissinə təsir göstərir. Yoxsulluq içərisində yaşayan bəzi valideynlər gərgin, depressiyaya düşmüş və təlaşlı olmağa meylli olurlar. Bu, öz növbəsində, uşaqların tərbiyəsinə ciddi təsir göstərir.
Yoxsulluq içərisində yaşayan uşaqlar üçün nəticələrdən biri də odur ki, onların əksəriyyəti orta təhsil almadan məktəbi tərk edir. Gənclər arasında işsizlik orta hesabla yoxsulluğun cənginə keçən uşaqlar arasında işsizlik səviyyəsindən iki dəfə çoxdur. Bütün Avropada uşaqların qida, təhsil və səhiyyə imkanlarına dair təməl ehtiyaclarının ödənilməsi təmin edilməlidir. Buna görə də Assambleya bütün üzv ölkələri uşaq yoxsulluğu məsələsinə və hədəfdə olan milli strategiyalara qətiyyətlə yanaşaraq uşaq yoxsulluğuna qarşı mübarizəyə başlamağa çağırmalıdır".

S.Fətəliyeva vurğulamışdır ki, bu cür strategiyaların həyata keçirilməsi hökumətin bütün səviyyələrinin, xüsusən də yerli administrasiyaların iştirakı ilə icra edilməlidir.

Onun fikrincə, üzv ölkələr uşaqların ən fövqəladə ehtiyaclarını nəzərə alan milli siyasət işləyib hazırlamalı və həyata keçirməli, uşaq yoxsulluğuna həsr edilmiş resursların ən çox ehtiyacı olanlara çatmasını təmin edən mexanizmləri işə salmalıdır.

S.Fətəliyeva qeyd edib ki, məsələyə dair ən son hesabatda Avropa Şurasının insan haqları üzrə komissarı sosial və iqtisadi siyasətin və büdcələrin insan haqları və bərabərliyin təsiri baxımından sistematik olmasına çağırır: "Parlament Assambleyası bu təklifi dəstəkləməli və istənilən sosial xərc ixtisarına cəmiyyətin ən həssas qruplarının, xüsusən də uşaqların rifahına təsirinə yaxından nəzarət edilməlidir. Yoxsul uşaqlara indi dəstək göstərmək, onlara inkişafları üçün bərabər imkanlar yaratmaq ailə, uşaq yoxsulluğunun gələcəkdə genişlənməyəcəyinə və artmayacağına, bununla da cəmiyyətlərimizin bütövlükdə yoxsullaşması təhlükəsi yaratmayacağına təminat verir".

Azərbaycanlı deputatın məruzəsi böyük maraq doğurmuşdur. Bunu məruzə ətrafında gedən geniş müzakirələr də sübut etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti