...

Azərbaycanda “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası”-nın 2014-cü il proqramına start verildi (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2014 10:54 (UTC +04:00)
Bu həftədən başlayaraq artıq dörd ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - beynəlxalq təhsil layihəsinə” növbəti dəfə start verilir.
Azərbaycanda “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası”-nın 2014-cü il proqramına start verildi (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu həftədən başlayaraq artıq dörd ildir Azərbaycanda uğurla həyata keçirilən "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - beynəlxalq təhsil layihəsinə" növbəti dəfə start verilir. Bu dəfə "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" statusu altında fəaliyyət göstərəcək layihə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

DƏ-İKGF-nin əsas məqsədlərindən biri bu proqramı həyata keçirməklə İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Layihənin 2014-cü il mərhələsinə başlanılması ilə bağlı DƏ-İKGF Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov BDU-da tələbələr qarşısında çıxış edərək İƏT modelinin gənclər arasında liderlik bacarıqlarının gücləndirilməsinin əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu tipli proqramlar gələcəyin politoloq və diplomatlarının yetişməsində böyük rol oynayır. Bundan sonra E.Əsgərov layihə haqqında geniş məlumat vermişdir.

Layihədə müxtəlif ali məktəblərin 150-dən artıq tələbəsi iştirak edir. 6 həftə ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dininin sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərinin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar.

6 həftə ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq may ayının sonunda Bakıda ənənəvi model oyunlar çərçivəsində "İƏT Xarici İşlər Nazirlərinin Sammiti"ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həll edilməsi üzrə təkliflər öz əksini tapacaqdır.

İkiaylıq kursların sonunda keçiriləcək "İƏT XİN Sammitində" qələbə əldə edən işçi qruplar xüsusi mükafatla təltif olunacaq və 2014-cü ilin iyul ayında İƏT-ə üzv olan aparıcı ölkələrin birində keçiriləcək "İƏT Model Qlobal Sammmiti" adlanan beynəlxalq "İƏT modeli" yarışmalarına qatılaraq Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

Xatırladaq ki, İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə keçirilən bu proqram İƏT-ə üzv 40-dan artıq ölkədə eyni zamanda keçirilir və İKGF-nun təşkilatçısı olduğu Qlobal Sammitə də milli proqramların qalibləri toplaşaraq öz ölkələrini təmsil edirlər. Öncəki Qlobal Sammitlər 2011-də İstanbulda, 2012-də Kazanda, 2013-də Malayziyada keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti