...

Azərbaycanda işə qəbul olmaq və iş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Aprel 2014 12:49 (UTC +04:00)
Azərbaycanda yeni tədris ili üçün ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlər üzrə işə qəbul olmaq və iş yerinin dəyişdirilmək istəyən müəllimlər üçün ərizə qəbulunun tarixləri müəyyənləşdirilib.
Azərbaycanda işə qəbul olmaq və iş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni tədris ili üçün ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlər üzrə işə qəbul olmaq və iş yerinin dəyişdirilmək istəyən müəllimlər üçün ərizə qəbulunun tarixləri müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb.

Əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" və digər müvafiq sənədlər təsdiq edilib.

Əmrə əsasən, müvafiq qurumlar mayın 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Əmrə görə, 1-10 iyun tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.

Müəssisələrdə digər pedaqoji kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, bilavasitə pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanın razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi və tabelik üzrə təhsili idarəetmə orqanın ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair şəhadətnamə almayan şəxslərin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.

İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu Təhsil Nazirliyinə müraciət əsasında həyata keçirilir. Belə müraciətlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin keçirildiyi dövr istisna olmaqla, dərs ili ərzində baxılır.

Ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər" bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti