...

Sabunçu rayonunda media-məmur münasibətlərinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 23 Aprel 2014 14:09 (UTC +04:00)
Bakının Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təşkilatçılığı ilə "Yerli icra orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Sabunçu rayonunda media-məmur münasibətlərinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Bakının Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təşkilatçılığı ilə "Yerli icra orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, ölkənin bir sıra aparıcı KİV rəhbərlərinin, o cümlədən Sabunçu rayon ictimaiyyəti və rəhbər vəzifəli məmurların iştirak etdiyi tədbir Sabunçu rayonunda son zamanlar görülmüş işləri əks etdirən filmin nümayişi ilə başlayıb. Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayonda görülən işlər barədə qısa məlumat verib. Rəhbərlik etdiyi qurumun KİV-lə, jurnalistlərlə münasibətlərə daim açıq olduğunu deyən icra başçısı şəxsən özünün sözə və söz sahiblərinə yüksək qiymət verdiyini bildirib: "Jurnalist peşəsi çox məsuliyyətli, eyni zamanda şərəfli və qüdrətli peşədir. Ulu öndər Heydər Əliyev həmişə jurnalistlərin dostu olub".

Prezident İlham Əliyev tərəfindən ölkədə KİV-ə yüksək diqqət və qayğı göstərildiyini qeyd edən A.Vəliyev bunun qarşılığında KİV-dən obyektiv münasibət, real yanaşma və proqressiv fikirlər gözlədiklərini açıqlayıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səərli isə Azərbaycan mətbuatının yarandığı dövrdən bəri keçdiyi yol, inkişaf mərhələri, o cümlədən müstəqillik əldə edildikdən sonra onun inkişafı üçün dövlət tərəfindən görülən işlər barədə məlumat verib.

Daha sonra məmur-media münasibətlərinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı həm KİV rəhbərləri, həm də məmurlar tərəfindən bu münasibətlərdəki mövcud problemlər və onların həllli yollarına dair fikirlər səslənib.

Məmurlar mediada sağlam tənqidin tərəfdarı olduqlarını, bununla yanaşı KİV-də böhtan və qərəzli yazıların, informasiyaların yer almasından narahatlıqlarını ifadə ediblər. Baş redaktorlar isə böhtan və qərəzin yolverilməz olduğunu qeyd etməklə yanaşı, çıxış yolu kimi KİV və məmurların qarşılıqlı əməkdaşlığının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıblar.

Sonda "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalistlər arasında keçirilmiş müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edilib ki, müsabiqəyə 38 məqalə təqdim olunub. 3 ekspert tərəfindən qiymətləndirmə nəticəsində onlardan 1 yazı 1-ci yerə, 2 məqalə 2-ci yerə, 3 məqalə isə 3-cü yerə layiq görülüb. 1-ci yerin qalibinə 1000 manat, 2-ci yerin qaliblərinin hər birinə 800 manat, 3-cü yerin qaliblərinin hər birinə isə 600 manat pul mükafatı və diplomlar təqdim olunub. Bundan əlavə, daha 10 yazı müəllifinin hər birinə həvəsləndirici mükafat olaraq 200 manat məbləğin pul və diplomlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti