...

Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçiriləcək

Cəmiyyət Materials 25 Aprel 2014 12:54 (UTC +04:00)
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçiriləcək tədbirdə ətraf mühit və faunanın qorunması məsələləri gündəmdə olacaq.
Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçiriləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Mayın 7-də Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçiriləcək.

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçiriləcək tədbirdə ətraf mühit və faunanın qorunması məsələləri gündəmdə olacaq. Bu barədə Trend-ə mərkəzdən məlumat verilib.

Qeyd edək ki, IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycan və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın qorunmasına dair bir sıra layihələr həyata keçirib. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün - qonur ayı (Ursus arctos), imperator qartalı (Aquila heliaca), boz canavar (Canis lupus), ceyran (Gazella subgutturosa) və Qafqaz bəbirinin (Panthera Pardus saxicolor) mühafizəsini nəzərdə tutan "Qafqazın böyük beşliyi" layihəsi xüsusi əhəmiyyət kəsb edir.

Mayın 7-də Heydər Əliyev Mərkəzində keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədi daşıyır. Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunacaq, bu barədə müzakirələr aparılacaq.

Sammit zamanı, həmçinin Azərbaycan təbiəti və faunasına, eləcə də IDEA-nın fəaliyyətinə həsr olunan təqdimat filmi nümayiş olunacaq. Tədbirdə tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN), Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), Smitson İnstitutu, London Zoologiya Cəmiyyəti və Harvard Universitetinin təmsilçilərinin, eləcə də Azərbaycandan olan alimlərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci il tarixindən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti