...

Bakıda "İnsan potensialının inkişafı üçün yeni paradiqmalar" mövzusunda müzakirələr keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2014 19:32 (UTC +04:00)
Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda keçirilən müzakirələr başa çatıb.
Bakıda "İnsan potensialının inkişafı üçün yeni paradiqmalar" mövzusunda müzakirələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı "İnsan potensialının inkişafı üçün yeni paradiqmalar" mövzusunda keçirilən müzakirələr başa çatıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konsorsium tərəfdaşları üçün hazırlıq toplantısında bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, bu dəyişikliklərə kompleks yanaşma istiqamətləri, dövlət idarəçiliyi və yeni paradiqma kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.

Toplantıda dəyərlərin, qanunların və institutların dəyişməsinə siyasi baxış və bu prosesdə idarəçiliyin rolundan danışan Mədəni Diplomatiya Akademiyasının prezidenti, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku təhsil, elm və siyasətin ayrılmaz olduğunu bildirib. O deyib ki, cəmiyyətin həyatına təsir göstərən siyasət universitetlərdə tədris olunmalı, siyasət isə öz növbəsində təhsil və elmdən bəhrələnməlidir. Onun fikrincə, intellektual həmrəylik düyanın yeni siyasi xəritəsinin yaranmasında böyük rol oynaya bilər.

İnsan potensialının inkişafı üçün yeni paradiqmaların yaranmasında iqtisadi inkişafın rolunu xüsusi qeyd edən və Adam Smitin "Xalqların sərvəti" əsərindən nümunələr gətirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin bütün sərvətlərin insanlar arasında bərabər paylanmasının və bunun dövlət tərəfindən tənzimlənməsinin zəruri olduğunu bildirib: "Tam bərabərlik qanunlar qarşısında bərabərlik və bərabər imkanlar deməkdir".

Daha sonra idarəçiliyin seçkilərə təsiri, hakimiyyətdə daha geniş təmsilçilik məsələlərindən danışarkən İ.Seragəldin bu ideyaları aktuallaşdırmağı və tez-tez müzakirə etməyi vacib sayıb.

Toplantı zamanı insanların rifahını yaxşılaşdırmaq üçün dünyada mövcud maliyyə vəsaitlərinin məhsuldar iqtisadiyyata yönəldilməsinin vacibliyi qeyd olunub. Çıxış edənlər insanların rifahında xüsusi rol oynayan demokratiyanın daim təkmilləşdirilməsi və yeni formaya salınmasının zəruriliyini də bildiriblər. Müzakirələrdə ətraf mühitin çirkləndirilməsi, insanların dünyaya, təbiətə vurduğu ziyan, təbii sərvətlərin qorunması kimi məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda Beynəlxalq Avropa Hərəkatı, Beynəlxlaq Yaşıl Xaç, Ümumdünya Gələcək Şurası və digər təşkilatların təmsilçiləri dünyanın yeni paradiqmasının yaranması istiqamətində əməkdaşlıq və gələcəkdə atılacaq addımların növbəti toplantıda müzakirə edilməsi, həmçinin konsorsium tərəfdaşları arasında anlaşma memorandumunun imzalanmasını qərara alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti